15 saylı mediasiya təşkilatı fəaliyyətə başladıbackend

Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatlarının bir parçası olan mediasiya institutunun tətbiqi qanun qəbul olunduğu dövrdən bu yana təkmilləşməkdədir. Keçən bu dövr ərzində Bakı şəhərində fəaliyyətə başlamış 10-dan çox mediasiya təşkilatı məhkəmədən əvvəl mediasiya işlərini təşkil etməkdədir. Bilindiyi kimi, 1 iyul 2021-ci il tarixdən ailə, əmək, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak icbari xarakter daşıyır.

Bu gün Mediasiya Şurası İxtisas Komissiyasının sədri Qasım Şaliyevin rəhbər etdiyi 15 saylı mediasiya təşkilatı Bakı şəhəri, İçəri şəhərdə yerləşən ofisdə fəaliyyətə başladı. “Həll olunmamış mübahisə qalmayacaq!” şüarı ilə açılış edən təşkilat bütün mülki mübahisələr üzrə vətəndaşlara və iş adamlarına alternativ həll yolu kimi peşəkar mediasiya xidmətlərini təklif edir.
Qeyd edək ki, ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun olaraq formalaşdırılmış, mübahisə tərəflərinin aralarındaki münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşuralar ilə təmin edilmişdir. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla hazırlanmışdır.
Tədbirdə Mediasiya Şurasının İdarə heyəti, intizam və ixtisas komissiyasının üzvləri, eyni zamanda vətəndaş cəmiyyətinin və nüfuzlu şirkətlərin nümayəndələri, müxtəlif media təmsilçiləri iştirak etmişdir. Təşkilat barış təccəssümü mediasiyaya həsr olunmuş sözügedən tədbirlə qız qalasını seyr edən mənzərəsi və əməkdar artist Səlim Abbasovun musiqili müşaidəsi ilə fəaliyyətə başladığını rəsmi formada elan etdi.
Vətənə-millətə xeyirli olması ümüdi ilə!