8 Noyabr – Zəfər Günü münasibətilə Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xəstəxananın baş həkimi Leyla Bəşirova çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin xalqımızın birliyinin və ordumuzun qəhrəmanlığının göstəricisi olduğunu qeyd edib. O, həmçinin Vətən müharibəsi dövründə səhiyyə işçilərinin, xüsusilə də psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərin üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdiyini vurğulayıb.
Tədbir çərçivəsində Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılar Zəfər tarixinin əhəmiyyətini bir daha yad ediblər.
Sonda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasın baş həkimi Leyla Bəşirova tərəfindən Vətən müharibəsində iştirak etmiş xəstəxananın əməkdaşları fədakar xidmətlərinə görə təşəkkürnamə ilə təltif olunublar.














