20 Yanvar – Tariximizin Zəfərə aparan qürur səhifəsibackend

Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 32 il ötür. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bu qanlı qətliamın tərkib hissəsi olaraq əhalinin informasiya təminatını kəsmək məqsədilə yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət idi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. Və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
…Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Moskvada…
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı… “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.
Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, «Dəmir yumruq» qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir. Dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü. Güclü Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Başqa sözlə, zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu da şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü bərpa olunub.
Bu gün biz 20 Yanvar şəhidlərini xüsusi qürur və ləyaqət hissi ilə anırıq. Nəhayət ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən Müharibəsində öz qanları və canları bahasına yeni qəhrəmanlıq salnaməsi yazan Azərbaycan əsgəri, Azərbaycan vətəndaşı bu gün qalib xalq olaraq öz şəhidini yad edir! Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır! Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Allah Şəhidlərimizə rəhmət eləsin»!

Sevinc Heydərova

Etibar Şirəliyev adına 274 saylı orta məktəbin Fizika müəlliməsi