Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər nazirliyin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.
Quba “ASAN xidmət” mərkəzi
– Xaçmaz, Şabran, Siyəzən
Salyan “ASAN xidmət” mərkəzi
– Neftçala, Salyan, Biləsuvar, Şirvan
Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi
– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir
Lənkəran “ASAN xidmət” mərkəzi
– Astara, Lənkəran, Masallı
Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 manat məbləğində dövlət rüsumu tutulur.
Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim olunmalıdır.















