27 sentyabr – Qələbəyə aparan tarixi günbackend

Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlamətidir.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Uzun illər boyu, hələ çar Rusiyası dövründən Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası reallaşdırmaq cəhd göstərən ermənilər Qarabağa köçürülmüş, burada məskunlaşdıqdan sonra zaman-zaman azərbaycanlıları onların ata-baba yurdlarından sıxışdırıb çıxarmışlar.

1988-ci ildə başlayan Qarabağ hadisələri, kənd və şəhərlərin dağılması, ötən əsrin 90-cı illərindən başlayaraq 20% torpaqların işğalı on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin və ya əsir düşməsi, tarixi və mədəniyyət abidələrinin dağıdılması ilə nəticələnmişdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş Azərbaycan münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır.

Lakin Ermənistanın işğalçı siyasətini davam etdirməsi, ərazilərimizdə təxribatlar törətməsi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açması xalqın səbir kasasını doldurmuş, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribat təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulmuş, 30 ilə yaxın bir bir müddətdə işğal altında olan torpaqlarımızın azad edilmiş, ərazi bütövlüyümüzün bərpası xalqımıza qürur və sevinc hissləri yaşatmışdır. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olmuş, bu Zəfər sayəsində “Ermənistanın məğlubedilməzliyi” kimi mifə birdəfəlik son qoyulmuşdur.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik!

Lamiyyə Hacıyeva 

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi