28 aprel Zərifə xanım Əliyevanın doğum günü münasibəti ilə qanvermə aksiyası təşkil edilibbackend

Məlumdur ki , hər il ölkəmizdə  28 Aprel Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın doğum günü kimi qeyd edilir.

Akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik olmuş, xeyirxah və humanist əməllərlə yaddaşlarda unudulmaz xatirələrlə qalıb.

YAP Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə  həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatının  bir qrup fəal üzvü qanvermə aksiyası təşkil edib.  Aksiya Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında keçirilib.

Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə, partiya fəallarına minnətdarlığını bildirib.

“Şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xalqımız öz milli dəyərlərinə qovuşdu. Bu gün ölkəmizdə insanlarımız heç bir təmənna güdmədən, könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak edirlər”, – deyə Azər Süleymanov vurğulayıb.

Sonra çıxış edən Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov da nəcib bir missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına öz təşəkkürünü bildirib.

Aksiyada 300 nəfərdən çox partiya fəalı iştirak edib.