30 illik tarixi yolun reallıqları: ZƏFƏR VƏ QƏLƏBƏLƏR PARTİYASIbackend

Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası yarandığı zamandan 30 il ərizində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradıldı. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. O illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı mövcud vəziyyəti daha da ağırlaşdıraraq siyasi və iqtisadi böhran yaratdı. Siyasi və iqtisadi böhran öz növbəsində ölkəni sosial böhrana və tənəzzülə doğru aparırdı. Ölkəni bürümüş dərin böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış Lideri və Müdrik Oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyinin ifadəsi idi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Belə ki. Dahi Şəxsiyyət Heydər Əliyev 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Bundan sonra Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası Azərbaycanda siyasi sabitliyi bərqərar etdi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin ərəfədə “Əsrin müqaviləsi” imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyin reallığa çevrilməsi oldu.
Əlbəttə ki, müasir dünyamızda qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Bu gün Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir. Bu uğurlar heç də asan başa gəlməmişdi. “Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. Bütün çətinliklərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndər deyirdi: “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq!”
Bu gün Azərbaycan Zəfər çalmış bir dövlətdir. Azərbaycan xalqının çağdaş tarixində Aprel və Tovuz döyüşlərinin böyük əhəmiyyəti vardır. Məhz bu ağır döyüşlərdə işğalçı Ermənistan üzərində qazanılan ciddi hərbi uğur 44 günlük şanlı Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi zəfərinin əsasını qoymuşdur. Tam əminliklə deyə bilərik ki, Aprel və Tovuz döyüşləri böyük qələbəmizin açarı olmuşdur. Qeyd etmək istərdim ki, Müzəffər Ali Baş Komandanımız və Partiyamızın Sədri möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş və şanlı tariximizin əbədi Zəfər salnaməsini yazmışdır. Bölgəmiz üçün yeni reallıqlar yaradan bu Zəfər həm də ölkəmizin gələcək intibahının da əsasını qoydu. Bu qələbənin nəticələrini biz bir daha cari ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhəd döyüşlərində müşahidə etdik. Son 19 ildə Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə bir çox böyük uğurlara imza atmışdır, xüsusilə də Qarabağımızda aparılan əsaslı və uğurlu quruculuq fəaliyyətlərinin həyata keçirilməsi ən yadda qalan nailiyyətlərdəndir. Torpaqlarımızın işğaldan azad olunmasından keçən qısa müddət ərzində həmin bölgələrdə aparılan bərpa və yenidənqurma işləri, Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda Beynəlxalq Hava Limanının açılışı, Azərbaycanın postmünaqişə dövrü üçün böyük planlarının olduğunun göstəricisidir. Hava limanının açılışı, Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsi, Zəngəzur dəhlizinin hava nəqliyyat infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycanımızın daha da uğurlu gələcəyini təmin etmək məqsədilə iqtisadi, siyasi, struktur, məhkəmə-hüquq, təşkilati və kadrların seçimi sahələrində də apardığı islahatlar ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanır. Siyasi institutların təkmilləşdirilməsində, ölkəmizin siyasi quruluşunda və yeni siyasi konfiqurasiyanın formalaşmasında qısa müddət ərzində əldə olunan uğurlar siyasi plüralizm və demokratiya sahəsində ölkəmizin beynəlxalq aləmdəki imicini daha da gücləndirmişdi. Qafqazın ən böyük siyasi Partiyası olan Partiyamızın 2021-ci il ilin mart ayında keçirilən VII qurultayı və Qurultayda qəbul edilmiş qərarlar, struktur dəyişiklikləri, gəncləşmə Partiyamızı islahatçı Partiya kimi, bütün siyasi partiyalara nümunə etdi. Bir daha demək istəyirəm ki, qazandığımız hər bir uğur Partiyamızın sədrinin, gərgin əməyi və yuxusuz gecələri sayəsində əldə olunubdur. Özümə borc bilirəm ki, dövlətimizin daha da güclənməsində, xalqımızın rifahının daha da yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun rəhbəri, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, möhtərəm birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətlərini də minnətdarlıqla qeyd edim. Onun rəhbərliyi ilə beynəlxalq aləmdə, eləcə də ölkəmizdə həyata keçirilən humanitar layihələr xalqımız tərəfindən olduqca yüksək qiymətləndirir. Bir sözlə, İlham Əliyev və Mehriban Əliyeva tandemi Azərbaycanı daha da güclü və qüdrətli edir.
Qeyd etdiyimiz kimi, son 30 ildə ölkəmizin istər ictimai-sosial, istərsə də siyasi-iqtisadi həyatında təqdirəlayiq nailiyyətlər qazanılmış və əlamətdar tarixi hadisələrlə zəngin olmuşdur. Bütün bunlarda Yeni Azərbaycan Partiyasının fəaliyyəti danılmazdır. Uğurla keçirilmiş Prezident seçkilərində, parlament seçkilərində, ümumxalq səsvermələrində, eləcə də bələdiyyə seçkilərindəki Partiyamızın qələbələri yaddaşlarımıza və tariximizə əbədi yazılmışdır.
Bu illər ərizində Nəsimi rayon təşkilatı da fəaliyyətini Partiyamızın Nizamnaməsi, Proqramına uyğun olaraq, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və təlimatları əsasında qurmuşdur. Partiyamızın VII Qurultayının materialları, xüsusilə də Partiyamızın sədri İlham Əliyev cənablarının Qurultaydakı proqram xarakterli çıxışı rayon təşkilatında, eləcə də ərazi partiya təşkilatlarında geniş müzakirə edilmiş, fəaliyyətimizin gündəlik və direktiv yol xəritəsi kimi qəbul edilmişdir. Qeyd etmək istəyirəm ki, rayon təşkilatının təsdiq edilmiş Fəaliyyət Planına uyğun olaraq, bugünədək əsas 9 istiqamət olmaqla 416-dan artıq tədbir və layihə həyata keçirilmişdir. Bütün bu tədbirlər ərazi partiya təşkilatları ilə birgə keçirilmiş və mətbuatda, sosial şəbəkələrdə işıqlandırılmışdır. Partiyamızın strateji kursu ictimaiyyət tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanır. Prezidentimizə olan etimadın, inamın və məhəbbətin nəticəsidir ki, yuxarıda qeyd etdiyimiz bütün seçkilərdə xalq Partiyanın vahid namizədlərini birmənalı olaraq dəstəkləyərək onlara səs verir.
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 100 ərazi partiya təşkilatı və 31610 çox partiya üzvü fəaliyyət göstərir. Bu göstərici ilə Nəsimi rayon təşkilatı respublikada ən öncül təşkilatlardan biridir. Nəsimi rayon təşkilatı partiyamızın həyata keçirdiyi layihələrdə üzərinə düşən vəzifə və öhdəlikləri daima yerinə yetirməyə çalışır. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun, Prezidentimiz İlham Əliyev cənablarının daxili və xarici siyasətinin, Vətən müharibəsində qazanılan Zəfərimizin gənclər arasında təbliği fəaliyyətimizin təməl prinsipidir. Nəsimi rayon təşkilatı gələcəkdə də var qüvvə ilə dövlətimizə, dövlətçiliyimizə xidmət edəcək, xalqımızın Lideri İlham Əliyevə sədaqət borcumuzu əməli fəaliyyətimizlə sübut edəcəyik.

Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri