31 mart – Azərbaycanlıların Soyqırımı günüdürbackend

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 94 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: “Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlikdeşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parçaladılan azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

1918-ci ildə ermənilər dinc əhaliyə qarşı vəhşiliklər, görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.

Ötən əsrdə dörd dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayan və bu gün də davam edən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti özünü Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə aydın şəkildə göstərir və onu deməyə əsas verir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə, tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.

1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur.

Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Həmin dövrdə S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi.

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər “Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə 1918-ci ilin aprel ayının sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.

1918-ci ilin yazında erməni-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqda tarixi faktları kiçik bir yazıya yerləşdirmək mümkün deyil. Lakin sadalanan faktlar da yetərlidir ki, 1918-ci ilin mart ayında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə cıxarmağı bacarsın.

 

Əməkdar müəllim, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təltifçisi,

Bakı şəhəri 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev