Azərbaycanda “Şairlər Günü” qeyd olunur – Şeirlərbackend

İyunun 5-i Azərbaycanın ölməz şairləri Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun doğum günüdür. Bu gün, həmçinin, ölkəmizdə “Şairlər Günü” qeyd olunur.

Bu münasibətlə İctimai.az şeirsevərlərə müasir dövrün yaradıcılıq nümunələrindən bir neçəsini təqdim edir.

Gülüm, yaman dolmusan,
ağla, gözümə ağla.
Bir işə yaramayan
fağır dözümə ağla…

Qəlbimdə izin olsun,
Günahlar bizim olsun;
Əlim və dizin olsun,
məni özünə bağla…

Deynən, qadam bilmişdim,
deynən, adam bilmişdim,
yanınaca gəlmişdim,
Məni xətaya salma,
bir də üzünə baxmam…

Çox söylə, az eşidim,
qışını yaz eşidim,
Nə desən naz eşidim,
baxma, üzümə baxma…

Necə, necə dolmusan,
ağla, gözümə ağla.
Dözüm dözmədi deynən,
fağır dözümə ağla…

Əkbər Qoşalı

Mən elə gündüzəm, elə gecəyəm
Şəfəqlər darayır ipək telimi
İstilik nazlayır üfüqlərini
Meh öpür, gün öpür ürpək əlimi

Mən elə gündüzəm, elə gecəyəm
Gözlərim dünyadan sallanıb durur
Hərdən qönçə açır günüm, gündüzüm
Hərdən tumurcuğa aldanış olur

Günlərin öpüşən səması pərdə
Kəpənək qanadı uçur elə bil
Örtür eşq gülünün üzünə yerdə
Utancaqlıq verir güldən gülə il

Mənim günlərimin köynəyi yaşıl
Dəyişkən ömrümə dan örtüyüdür
Bütün sevgilərin kilidi məndə
Hər şey başdan başa an örtüyüdür

Mən elə gündüzəm elə gecəyəm
Hər şey vücudumda tərpənib durur.
Məndə işıqlanır ömür aynası
Məndə vücudlanır körpələr doğur

Mən elə gündüzəm, elə gecəyəm
Gecələr gündüzlər utancaq olur
Nəfəsim oxsama, bayatı, seygah
Ağ ağappaq saçlarım tutağac olur

Gülnarə İsrafil

“Tənhalığa çarəmi var?!” deyirdim,
Gözlərim o camalını görüncə.
“Al canımı, Allah, apar” deyirdim,
Könlümü öz təbibinə verincə.

Sevməyənin qoy qara olsun üzü,
Xəbərsizdim yar qoxusundan, düzü.
Çiçəklərin şahı sandım nərgizi,
Eşq adlı bağçadan səni dərincə.

Odum qalar dodağında, ölərəm,
Dadım qalar damağında, ölərəm,
Gecə-gündüz qabağında ölərəm,
Birdəfəlik ölüb, qəbrə girincə.

Təbim elə bulaq kimi coşsa da,
Sözüm bu gün gözəllərə xoşsa da,
Xəyalında neçə zərif uçsa da,
Ürəyimin sakinimi hər incə?!

Mehti Kamiloğlu

İctimai.az