44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan ordusudur – Şərhbackend

Ənənəvi olaraq ordu dövlətin əsas elementlərindən biri və onun mövcudluğunun təminatı hesab olunur. Buna görə də, güclü orduya malik olmayan ölkələrin risklər qarşısında qaldığı heç kimdə şübhə doğurmur. Sabitlik və dinamik inkişafla yanaşı, müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də məhz güclü ordunun yaradılmasıdır. Ancaq müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub.

Hadisələrin sonrakı inkişafının sübut etdi ki, 1993-cü ilin 15 iyununda Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Və bu gün əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan qüdrətli ordumuz dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar sayəsində Cənubi Qafqazın ən qüdrətli silahlı qüvvələrinə çevrilmişdir. Ordumuzun döyüşə hazırlıq səviyyəsinin daim yüksək olması, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, təlim sisteminin mütərəqqi metodlarından istifadə etməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə yüksəldilməsi Azərbaycan Ordusunun qarşısında dayanan bütün vəzifələri yerinə yetirməsinə imkan verir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həlli, milli ordunun gücləndirilməsi üçün geniş imkanlar yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması sayəsində ordumuzun bütün sahələrdə potensialını ən yüksək səviyyəyə çatdırmaq mümkün olmuşdur. Hazırda Azərbaycan Ordusu ölkə rəhbərliyinin daimi dəstəyi ilə çox yüksək inkişaf səviyyəsindədir. Bütün bu diqqət və qayğı nəticəsində Azərbaycan ordusu davamlı olaraq güclənir, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlir, döyüş qüdrəti artır. Və 44 günlük İkinci Qarabağ müharibəsi bu həqiqəti bir daha təsdiqlədi. Müzəffər ordumuzun 30 illik işğala son qoyması həm də bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz yeni nəsil silahlarla müharibə aparmaq qüdrətindədir və ordumuz bundan sonra da Azərbaycanın keşiyində dayanacaq.Azərbaycanın sarsıdıcı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması silahlı qüvvələrimizin gücünü bütün dünyaya göstərdi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və qalib Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə edilmişdir. Əlbəttə, bu gün müasir silahlarla təzhizat dövrün tələbidir. Bu baxımdan, Azərbaycan Ordusunun müasir silah və hərbi texnika ilə təmin edilməsi yüksək səviyyədə həyata keçirilmişdir. Hazırda Azərbaycan silahlarının müəyyən hissəsini özü istehsal edir və müdafiə sənayesi məhsulları istehsalında davamlı artım müşahidə olunur. Bütün bunlar da Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmağa təkan vermişdir.

“BİZİM ƏSGƏRLƏRİMİZ XİLASKAR ƏSGƏRLƏRDİR, ERMƏNİ ƏSGƏRLƏRİ İŞĞALÇI ƏSGƏRLƏRDİR”

Bu qələbə xilaskar əsgərlərimizin şücaəti ilə əldə olundu. Dövlət başçımızın dediyi kimi, çünki bizim əsgərlərimiz öz doğma torpaqlarında vuruşur: “Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”. Dövlətimizin başçısı bütün görüşlərində və müsahibələrində də bildirib ki, biz öz torpağımızda vuruşuruq, bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Bu gün Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi bir daha bu sözləri təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətləndi. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin əyani şəkildə sübutudur. Müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində də Azərbaycan igid əsgər və zabitlərinin şücəati ilə 44 gün ərzində 30 illik zəsrətə son qoyuldu, Qarabağımızıe tacı olan Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi: “Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Bu həmrəylikdən – “Dəmir yumruğa”a gedən, güclənən, möhkəmlənən Qalib Ordumuzun xilaskar əsgərlərimizin igidliyi, şücaətidir. Bir sözlə, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Qalib Sərkərdə olaraq 19 illik – “Güclü ordu – güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və 44 gündə mümkünsüzü mümkün edən güclü AZƏRBAYCAN ORDUSUDUR. Qələbə Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır!

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı