44 günlük Qələbə ilə Xocalı qurbanlarının qisasını almış qalib xalq kimi yad edəcəyikbackend

Azərbaycanın tarixində şanlı qələbələrlə yanaşı, hüznlü günləri də az deyil. Tariximizə faciə kimi daxil olan bu günlər kiçikdən böyüyə hər birimizin ürəyində dərin yaralar açıb desək, yanılmarıq. Xalqımızın başına gətirilən belə müsibətlərdən biri də yaxın tariximizə soyqırımı kimi daxil olmuş Xocalı faciəsidir. Erməni qəsbkarlarının Xocalıda əliyalın insanlara, uşaqlara qarşı törətdikləri vəhşiliklər əlbəttə ki, faciədən daha çox soyqırımıdır. Xocalı soyqırımı nəinki azərbaycanlılara, bütövlükdə bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımıdır. 30 il öncə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində amansız cinayətlər törətdi, şəhər yerlə yeksan edildi. Soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i isə qoca olmaqla 613 nəfər xüsusi qəddarlıqla öldürüldü, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Qırğın zamanı 487 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Həmçinin 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi. Bütün bunları erməni xislətinin təzahürü kimi qeyd edə bilərik. Çünki bundan öncə də yaxın 200 ildə Azərbaycan xalqına qarşı etnik tənzimləmə və soyqırımı siyasəti aparılıb. Lakin bu, onlar arasında ən dəhşətlilərindən idi.

Xocalı faciəsinə hüquqi və siyasi qiymətin verilməsi həmin dövrdə rəhbərlik edən siyasi hakimiyyətin öhdəliyinə düşsə də, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə addımlar atılmağa başladı. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan etdi.

Prezident İlham Əliyevin ölkə rəhbərliyi dövründə də erməni qəsbkarlarının törətdiyi cinayətin dünyaya çatdırılması istiqamətdə mühüm irəliləyişlər əldə edilib. Ölkə başçısı daim öz çıxışlarında erməni siyasətinin mahiyyətini üzə çıxarır, bu soyqırım haqqında fikirlərini belə ifadə edir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik tənzimləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımı törətməklə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil səfərbər edib. Məqsədimiz Xocalı faciəsinə beynəlxaq huquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır”.

Bu gün Azərbaycan xalqı artıq qalib xalq kimi bu ədalətin bərqərar olunması istiqamətində öz səylərini əsirgəmir. Düz 30 il səbr etdik, dirəndik, 30 ildən sonra gücümüzü göstərdik. Qalib xalq, qalib ordu olaraq öz dədə-baba torpaqlarımıza döndük, şəhilərimizin qisasını aldıq. Və bu il xalqımız Xocalı soyırımının 30 illiyini 44 günlük müharibədə Qələbə qazanmış, 2 min nəfərdən çox Xocalı qurbanlarının qisasını almış qalib xalq kimi, güclü millət kimi yad edəcək. Bu 44 günlük savaşda qazandığımız böyük Zəfərlə biz bütün dünyaya göstərdik ki, illərlə göz yumduğunuz ədalətsizliyi Azərbaycan xalqının, rəşadətli Ordumuzun, müdrik Ali Baş Komandanımız Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasətinin gücü ilə əldə etdik. Bu qələbə Prezident İlham Əliyevin dünyanın nüfuzlu KİV-lərinə verdiyi geniş və tutarlı müsahibələrlə ölkəmizə qarşı yönələn haqsız hücumları, qaralama kampaniyalarını müvəffəqiyyətlə dəf etdi. Budur İkinci Qarabağ müharibəsindən sonrakı yeni Azərbaycan reallıqları və Xocalı faciəsinin növbəti 30-cu ildönümünə bu yeni reallıqlarla gedirik.

Və hər bir Azərbaycan gənci olaraq, bizim üzərimizə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirməli olduğumuzu qeyd etmək istərəm. Tariximizi yaşatmaq, haqq səsimizi dünyaya çatdırmaq, hər bir gəncin başlıca vəzifəsidir. Bu gün hər bir azərbaycanlı, o cümlədən gənclərimiz bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.

Dövlət başçımızın dediyi kimi: “Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar”.

 

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimiatçısı