Universitetə yeni daxil olan tələbələr üçün ilk zamanlarda tələbə həyatına uyğunlaşma çətin olur. Dünənki şagirdlər yeni statusa daxil olur, yeni həyat tərzi formalaşır. Yeni dostlar, yeni mühit, tanımadığı insanlarla ünsiyyət yaranır. Universitetin qaydalarına uymaq, tələblərinə riayət etmək o qədər də asan olmur.
Bu mərhələni uğurlu keçmək, qısa zamanda universitet həyatına uyğunlaşmaq üçün “Tələbələr üçün yaddaş kitabçası”ndan istifadə etmək, müəllimlərin, dekanlıq əməkdaşlarının və tyutorların köməyindən istifadə etmək doğru olar. Bu və ya digər çətinliklə üzləşəndə yuxarı kurs tələbələrinə, tələbə təşkilatının üzvlərinə müraciət etmək məsləhətdir.
Yeni və az tanıdığın şəxslər ilə ünsiyyət qurarkən ehtiyatlı olmaq lazımdır. İlk zamanlar daha çox tanış şəxslərlə və ya tələbə yoldaşları ilə ünsiyyət qurmaq məqsədə uyğundur.
Universitetin daxili intizam qaydalarını bilmək və ona əməl etmək vacibdir. Tədris prosesinə hazırlaşmaq, seminarlarda və kollokviumda fəal iştirak etmək, kitabxanadan istifadə etmək qaydalarını bilmək lazımdır.
Universitetin ictimai həyatında, yoldaşlarının təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək adaptasiya prosesini sürətləndirir. Ətraflarındakı insanlarla ünsiyyət qurmaqdan çəkinmək lazım deyil.
Xüsusi ilə regionlardan gələn gənclər üçün yeni həyata uyğunlaşmaq, ailədən kənar, yataqxana və ya kirayə həyatı yaşamaq çətinlik törədir. Ev, məişət qayğıları, vaxtın səmərəli idarə olunması, tədris və məişət qayğılarının düzgün uzlaşdırılması tələbələrin şəxsiyət kimi formalaşmasına kömək edir.
Bununla belə bu proses bir çox problemlərin yaranmasında səbəb ola bilər. Yanlarında qayğıkeş müəllimlərin, diqqətli universitet əməkdaşlarının olduğunu hiss etmələri vacibdir. Bu onların müvəffəqiyyətli təhsil prosesinə, uğurlu həyat tərzinə və şəxsiyət kimi formalaşmalarına ən yaxşı zəmanətdir.
Universitetlərdə psixoloq fəaliyyət göstərir. Heç bir çətinlik çəkmədən ona müraciət etmək, məsləhət almaq olar. Bu zaman psixoloqlar konfidensiallığın gözləniləcəyinə dair zəmanət verirlər.
Nuranə Şahin
Azərbaycan Turizm və Menecment Universitetinin psixoloqu