8 Noyabr –  Zəfər Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən dəyirmi masa təşkil olunubbackend
“8 Noyabr – Zəfər Günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən dəyirmi masa təşkil olunub.
Görüşdə Binəqədi RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, sədr müavini Təranə Paşayeva və şura üzvləri, o cümlədən Vətən müharibəsi qaziləri iştirak edib.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev 2020-ci ildə qazanılan tarixi qələbənin qazanılmasında şəhidlərimiz və qazilərimizin rolunun danılmaz fakt olduğunu bildirib.
Binəqədi Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini qeyd etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Təranə Paşayeva, şura üzvləri İlham Qayıbzadə, Növrəstə Yusifova, Teyyub Həsənov çıxışlarında qələbənin qazanılmasında xalq-dövlət birliyinin əhəmiyyətindən, xalqımızın Müzəffər Azərbaycan Ordusunun yanında olması və sonuna qədər güvənindən bəhs edərək, görüş iştirakçıları ilə öz fikirlərini bölüşüblər.
Vətən müharibəsi qaziləri Şəhriyar İbrahimli , İlkin Kərimli və Elvin Cəfərov şanlı döyüş yollarından, şəhid Vahid Abbasov və digər şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Daha sonra Şura kollektivi tərəfindən qazilərimizə xatirə hədiyyələri təqdim olunub.
Sonda xatirə fotosu çəkilib.