Qələbənin əsas səbəblərindən biri də uğurlu hərbi strategiyadır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır. İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Lakin düşmən buna nail ola bilmədi, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtdı. Heç kimə sirr deyil ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun başqa istiqamətdə hücumunu gözləyən Ermənistan hərbi strateqlərinin planlarını pozmuşdur. Buna görə də erməni tərəfi və hərbi dezinformasiyalar yaymaqda onlara kömək edən bəzi xarici KİV-lər Hadrutun azad olunmasını uzun müddət etiraf etmək istəməmişlər. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin vacib olduğu Ali Baş Komandan tərəfindən şərh edilib. Azərbaycan əsgərləri düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşmışlar.

Bütün hallarda Azərbaycan istənilən təxribatlara adekvat cavab vermək iqtidarındadır. Azərbaycan Ordusunun mənəvi üstünlüyü Ermənistandan və xarici ölkələrdən gətirilən ermənilərlə zorla məskunlaşdırılan qəsəbə azad edilsə də, qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq ancaq hərbi birləşmələrə qarşı müharibə aparıb. Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi. Halbuki döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Azərbaycan yaşayış məntəqələrinə qadağan edilmiş silahlarla hücum nəticəsində 100-ə qədər dinc azərbaycanlı sakin həlak olmuşdur.

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Erməni vandalizminin nəticələri hər kəsə məlumdur. İşğal nəticəsində bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərimizdə, müqəddəs abidələrimizdə heyvan saxlamaqla, mənəvi dəyərlərimizə hörmətsizlik ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edilmişdir.

Dağıdılmış mədəni abidələr tariximizə qarşı terror hadisəsi kimi qiymətləndirilməlidir. Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb.

Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidələrini dağıdasan. Bu hərəkətlərin vəhşilikdən başqa heç bir adı yoxdur.

Bütün həqiqətlər, bizə qarşı olunan haqsızlıqlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər.

Təbii ki, Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Artıq işlərə start verilib. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bunu, həmçinin, Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək.

Şuşa öz qonaqlarını yeni və müasir komplekslərdə qəbul edəcək. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. İşğal dövründə bəzi otellərdən kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “üç”, “dörd” və “beş” ulduzlu otellər inşa ediləcəkdir.

Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.

Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər. 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı !!!…

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!…

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

Oxşar xəbərlər