Müstəqilliyin əsas şərti ərazi bütövlüyünün təmini və ona nəzarətdir. Azərbaycan qurudan, havadan və sudan öz sərhədlərini qorumağa qadirdir. Ölkənin sərhədlərini xarici dövlətin hərbçiləri və ya hərbi birləşmələri qorumurlar. Azərbaycan bunu heç arzulamır da. Çünki 70 il öz torpaqlarında yadellilərin fəaliyyətinin acı nəticəsini yaşayıb.
Yeri gəlmişkən, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları mühafizə edir. Habelə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin sərhədlərini qorumaq üçün müxtəlif hərbi birləşmələri Ermənistana dəvət edir.
Aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bununla da Azərbaycan ərazi bütövlüyünə nəzarəti tam təmin edib. Ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Prezident İlham Əliyevin qətiyyətli, ardıcıl siyasətinin nəticəsi və təntənəsidir.
2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan dəhliz yaradılması və 20 km enində ərazinin öz nəzarətində olmasında təkid edib. Ancaq Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi nəticəsində dəhlizin beş km müəyyən edilməsi, üç il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar Üçtərəfli Bəyanatın 6 və 7-ci maddələrində əksini tapıb.
Azərbaycan daxili imkanları hesabına yeni yolu ilyarıma istifadəyə verib. Ermənistan isə yeddi km yolun tikintisini ləngitməklə yanaşı, ötən ilin avqustunda təxribatlara da əl atmışdı.

