Daha çox buna görədir ki, hər ilin may ayının 10-u — Dahi Rəhbərin dünyaya gəldiyi bu gözəl gün, mənim üçün də, ən əziz gündür!
Konstitusiyamızın müvafiq maddəsinə uyğun olaraq, dövlət səviyyəsində təsis və elan edilən “Heydər Əliyev İli”ndə, Ümummilli Liderin milyonlarla fanatı kimi, mən də, ömrümün bir ilini ona həsr etməkdən sonsuz məmnunluq duyuram
Nadir şəxsiyyət qismətlərinə düşdüyü üçün, xoşbəxt hesab olunan dünya xalqları ilə bir sırada duran Azərbaycan xalqının, bu xoşbəxtliyi ona bəxş edən, lakin haqq olan ölümə görə, artıq, 20 ilə yaxındır aramızda olmayan Heydər Əlirza oğlu Əliyevə dərin minnətdarlıq dilindən düşmür və dünya durduqca, bunun, elə, belə olaraq da, davam edəcəyi inkarolunmazdır! Çünki daim arzusunda olduqları belə xoşbəxtliyin çoxlarına nəsib olmaması bir həqiqətdir. Azərbaycan xalqının isə, Dahi Rəhbəri, Əvəzsiz Lideri Heydər Əliyev, onun çoxəsrlik dövlətçilik tarixində yeni parlaq səhifə açmaqla, bu xoşbəxtliyi onun nəsibi edib. Buna görə, o, Azərbaycan xalqının qəlbində görkəmli siyasətçi və dövlət xadimi bir fenomen olaraq, xalqının Ümummilli Lideri, Ulu Öndəri statuslarını da qazanıb. Dövlət başçısı və siyasət kürsüsündə atanın layiqli davamçısı olan varisi möhtərəm Prezidentimizin dediyi kimi, Heydər Əliyev bütün dövrlərdə, sözün əsl mənasında, öz xalqının rəhbəri, əsl öndəri olub!. Hətta dünyanın böyük, nüfuzlu və hegemon dövlətlərinin siyasi xadimlərinə və dövlət başçılarına belə özünü belə başqa yöndən tanıdan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də, bu barədə, səmimi etirafdan gələn sözlərlə belə deyib: “Mən Heydər Əlirza oğluna, sadəcə, münasibət bəsləmirdim, ona məhəbbət bəsləyirdim, ona məhəbbətlə yanaşırdım. Mübaliğəsiz deyə bilərəm ki, o, siyasət nəhəngidir!”.
Danılmaz bir həqiqətdir ki, dünya xalqları arasında, heyranlıq doğuracaq coşqun siyasi fəaliyyəti ilə, hələ sağlığında canlı əfsanəyə çevrilərək, daim diqqətləri cəlb edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər bir addımında, hər bir qərarında, otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi adıyla qırılmaz tellərlə bağlı olan doğma Vətən üçün, onun hərtərəfli inkişafı və xoş gələcəyi naminə yorulmadan çalışıb. Çətin keçən bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş də, bu nadir şəxsiyyətin adı ilə əlaqədardır. Məhz buna görədir ki, bütün həyatını bu müqəddəs məqsədə həsr edən Ulu Öndər, müəllifi olduğu müstəqil Azərbaycan Respublikasını da, tez bir zamanda, bütün dünyaya tanıda bilib. Rəhbər postunda atdığı vacib və önəmli addımlarına görə də, tarixin yaddaşında əbədi iz qoyub. Bu isə, hər kəsə nəsib olmayan ən böyük uğur və xoşbəxtlikdir. Olduqca çətin olsa belə, bu, Azərbaycan xalqının Ümummilli Liderinə də qismət olub. Bir də ki, belə bir xoşbəxtlik, yalnız və yalnız, onun kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bu səbəbdən, xalqımız çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bu nadir şəxsiyyətin doğum gününü belə, ən əlamətdar tarixi gün olaraq, başqa bir əhval-ruhiyyədə qeyd edir. Ümumiyyətlə, indi hər bir azərbaycanlı, müstəqilliyi getdikcə daha da möhkəmlənərək, dönməz olan Azərbaycan Respublikasında yaşadığı üçün, özünü xoşbəxt sayır və bu xoşbəxtliyi ona bəxş edən Dahi Öndərin ruhu qarşısında həmişə baş əyir. Qətiyyətlə, dönə-dönə onu da deyir ki, hərtərəfli inkişafının böyük bir dövrü adıyla bağlı olan müstəqil və qüdrətli Azərbaycan dövləti Ümummilli Liderin ona mirasıdır!
Azərbaycanın, 2003-cü ilin dekabr ayının 12-də — ömrünün 81-ci ilində əbədiyyətə qovuşan görkəmli siyasətçi, dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının əbədi sədri Heydər Əliyev, artıq, 20 ilə yaxındır ki, aramızda yoxdur. Əlbəttə, bu, az vaxt deyil, amma Heydər Əliyev fenomeni hər zaman bizimlə olduğu, bizlərə bu zaman kəsiyi çox qısa bir müddət təsiri bağışladığı üçün, bu yoxluğun təəssüfünü hər an çəkən xalqımız, Ulu Öndərin Fəxri Xiyabandakı məzarını özünə Müqəddəs And Yerinə çevirməklə, az da olsa, təsəlli tapa bilir. Və bir də ona görə təsəlli tapa bilir ki, bu gün onun yolunu və ideyalarını layiqli varisi olaraq, dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva getdikcə daha da gücləndirə bilirlər. Bu təsəlli sınağında bizim hər birimizin inamı bundan ibarətdir: “Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədidir! Dünya durduqca, Azərbaycan yaşadıqca, bu, həmişə, elə, belə də olacaq! Çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyət olaraq, Ümummilli Liderimiz, hər kəsin qəlbində əbədi yaşayacaq!”.
Bu ilin may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 2022-ci ilin sentyabr ayının 29-da, ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Elə, bu möhtəşəm dövlət sənədi də, dövlətimiz, xalqımız qarşısındakı tarixi xidmətləri hər an, hər gün gözümüz önündə olan Ulu Öndərin şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən daha bir yüksək qiymətdir. Məhz buna görə də, Azərbaycanda 2023-cü ilin dövlət səviyyəsində “Heydər Əliyev İli” elan edilməsi, cəmiyyətin bütün təbəqələri tərəfindən hədsiz sevinclə qarşılanıb, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə qədirbilən xalqımızın və dövlətimizin yüksək səviyyədə münasibətlərinin parlaq təcəssümü kimi qiymətləndirilib. Bu, həm də onun daha bir təsdiqidir ki, zaman ötdükcə, Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası, Ulu Öndərin dahiliyi daha dərindən dərk olunur. Bunu, elə, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədi ilə, bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamda qeyd olunanlar da, özündə dərindən ehtiva edir. Bir sözlə, dələ, bu dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyətinin ayrı-ayrı istiqamətləri və zəngin irsi barədə yuxarıda xüsusi olaraq qeyd etdiklərim, Sərəncamın aşağıda verdiyim mətnindən də, açıq-aydın görünür:
“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün, malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək, yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə, təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə, xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub, saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Ümummilli Liderin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını tam təmin etmək məqsədilə, ölkə başçısı tərəfindən, elə, bu Sərəncamla da, qərara alınıb ki, Prezident Administrasiyası ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayaraq, Prezidentə təqdim etsin. Prezidentin bu tapşırığı yerinə yetirildikdən dərhal sonra, onun 28 noyabr, 2022-ci il tarixli Sərəncamı ilə, 18 müddəadan ibarət «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı da təsdiqlənib. Bu Sərəncama əsasən, 2023-cü il çərçivəsində görüləcək işlər bunlardan ibarət olması nəzərdə tutulub: Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi; Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili; Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi; Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi; Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili; “Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili, “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi; Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri; Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün, “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi; Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi; «Heydər Əliyev İli» çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi; Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması; Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması; Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması, Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi…
Elə, həmin vaxtdan dərhal sonra, təsdiq olunmuş bu Tədbirlər Planına əsasən, sədri olduğum Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatında da, “Heydər Əliyev İli” çərçivəsində görüləcək işlərlə, keçiriləcək tədbirlərlə bağlı ciddi müzakirələr oldu. Bu istiqamətdə görüləcək işlərin, keçiriləcək çoxsaylı tədbirlərin hazırlanması istiqamətində işlər uğurla davam etdirildi. Artıq, neçə aydır ki, “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçiririk. Bu istiqamətdə görülən bütün işlərin, həyata keçirilən hər bir tədbirin yüksək səviyyədə, yaddaqalan və xatırlanan olmaları üçün, əlimizdən gələni əsirgəmirik. Doğrudan da, zəhmətimiz hədər getmir və keçirdiyimiz hər bir tədbir Ulu Öndərin adına layiq olur. Bunun təsdiqi kimi, kifayətdir ki, keçirilən həmin tədbirlərin bir-neçəsi barədə, qısaca da olsa, məlumat verim.
Öncə, onu qeyd etmək istərdim ki, keçirdiyimiz bütün tədbirlər Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayır. Sonra hər bir tədbir, qabaqcadan müəyyənləşdirilib, nəzərdə tutulan plana uyğun davam etdirilir. Götürək, elə, “Heydər Əliyev İli” çərçivəsində, fevral ayının 2-si, Azərbaycan Gənclər Günü münasibəti ilə, YAP Nəsimi Rayon Təşkilatının fəallarının, Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədini əsas tutaraq, Heydər Əliyev Mərkəzini ziyarət etmələrini. Fəallar, öncə, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən stendlərə baxdılar. Sonra onlar Dahi Rəhbərin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini, bütün ömrü boyu öz xalqı, dövləti və doğma Vətəni naminə, yorulmadan çalışdığını əks etdirən foto-sərgilərlə tanış oldular. Bu maraqlı tədbir barədə, gənclərimiz, xoş təəssüratın nəticəsi olaraq, dəfələrlə, xüsusi olaraq onu vurğulayırlar ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi gənc nəslin qəlbində əbədi yaşayacaq. Bu da onun daha bir sübutudur ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətində, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilib, püxtələşən intellektual, dünya görüşlü yeni nəsil yetişib. Ümummilli Liderin əziz xatirəsi, gənc nəslin qəlbində də əbədi yaşayacaq. Ümumiyyətlə, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün, Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən, Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim yeni nəslə aşılanmalıdır.
Bu maraqlı tədbirdən az öncə, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılıqları ilə, təşkilatın öz akt zalında keçirilməsi üçün startı verilən və indiyədək yüksək səviyyədə baş tutan “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin gördüyü işlər”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist addımları”… mövzulu seminarlar da, olduqca maraqlı alınır. Bunu, xoş təəssürat nəticəsi kimi, həmin tədbirlərdə qonaq olan tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri və rayonun digər tanınmış şəxsləri də, xüsusi olaraq qeyd edirlər.
Öncə, seminar iştirakçıları və qonaqlar Heydər Əliyevin büstünü ziyarət edirlər. Bundan sonra, YAP Nəsimi Rayon Təşkilatının rəhbəri olaraq, mən, hər bir seminar mövzusu ilə bağlı, giriş çıxışı edərək, Dahi Şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərini qeyd edirəm. Öz məruzəmdə onu da dönə-dönə vurğulayıram ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması da, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Məndən sonra çıxış edənlər də, Ulu Öndərin gənclərə göstərmiş olduğu qayğıdan geniş bəhs edərək, bu yöndə cənab İlham Əliyevin apardığı mütərəqqi siyasət barədə dərin mənalı sözlərini deyirlər. Onu da qeyd edirlər ki, ümumiyyətlə, onun siyasətinin mərkəzində insan amili dayanır. Bu da onun sübutudur ki, ölkə başçısının amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Məruzələrdə o da qeyd olunur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan gənclərinə, Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi diqqət və qayğını da, bütün dünya görür və yüksək qiymətləndirilir. Bir sözlə, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan Respublikasının, onun layiqli varisi, möhtərəm Prezident İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi də, məruzələrdə xüsusi qeyd olunur.
“Heydər Əliyev İli” çərçivəsində, bu yaxınlarda, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə keçirdiyi sonuncu tədbirlərdən biri — Ulu Öndərin 100 illiyi münasibəti ilə, paytaxt Bakının Sabunçu rayonunda, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının rəhbər şəxslərinin, Agentliyin əməkdaşlarının və Nəsimi rayonu üzrə ərazi partiya təşkilatlarının nümayəndələrinin iştirakıyla keçirilən ağacəkmə aksiyası daha maraqlı alındı və həmişə yaddaqalan olacaq. Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndərin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə götürdükdə, paytaxt sakinlərinə ətraf mühitin qorunması hissini aşılamaq və onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək idi. Yeri gəlmişkən, onu da bildirirəm ki, bu aksiya zamanı sözügedən ərazidə 500-dən çox Eldar şamı əlildi və ərazidə olan 2000-dən artıq ağaca yüksək səviyyədə qulluq göstərildi.
Ümumiyyətlə, “Heydər Əliyev İli” çərçivəsində keçirdiyimiz və bu Dahi Şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, milli dövlətçiliyimizin tərəqqisində, ən əsası, qalib ölkə kimi, beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirən belə maraqlı və yaddaqalan yüksək səviyyəli tədbirlərin sayını getdikcə daha da artırmaqdayıq və bu istiqamətdə həyata keçirəcəyimiz işlərimizi, elə, bu templə də, sonadək davam etdirəcəyik.
Yeri gəlmişkən, bir daha qeyd etmək istəyirəm ki, «Heydər Əliyev İli»nin təsis edilməsi, həmçinin bununla bağlı Tədbirlər Planının təsdiqlənməsi də, Dahi Şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Bu təsdiqdən irəli gələn həqiqət də, qəti şəkildə onu deyir ki, müasir müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edərək, bir daha onu təsdiqləyir ki, doğrudan da, Sərəncamda xüsusi olaraq vurğulandığı kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti Ulu Öndərin həyat amalının təntənəsidir. Elə, yuxarıda qeyd olunanlara görədir ki, bu siyasət nəhənginin çoxsaylı fanatlarından və müəyyən etdiyi siyasi kursun dəstəkçilərindən biri kimi, mən də, dünya azərbaycanlılarının Ümummilli Liderinin anadan olmasının 100 illiyi münasibəti ilə, ölkəmizdə dövlət səviyyəsində «Heydər Əliyev İli»nin təsis edilməsindən hədsiz məmnunluq duyuram. Çünki bu da ona daha bir işarədir ki, ləyaqətli ömür yoluyla fədakarlıq, dönməzlik, əyilməzlik simvoluna çevrilən Dahi Rəhbərimizin əziz xatirəsi milyonların qəlbindədir və əbədi yaşayacaq!
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının bir rayon təşkilatının sədri olaraq, mən, onun yürütdüyü siyasi kursun səmimi dəstəkçisiyəm və hər yerdə, hər zaman gündəlik həyat və fəaliyyətimə, necə deyərlər, bir növ, Dahi Öndərdən qavradığım siyasi tərbiyə kriteriyalarını qatmağa çalışıram. Məhz buna görədir ki, YAP yarandığı gündən indiyədək, siyasi fəaliyyətimdə ənənəvi bir kursu əsas götürmüşəm: Ulu Öndərin siyasi kursuna sədaqət! Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları əsası Heydər Əliyev tərəfindən qoyulan bu möhtəşəm siyasi kursu çox uğurla davam etdirdiyi, həm daxili, həm də xarici siyasətimizdə zərgər dəqiqliyi olduğundan, bu sədaqətim həmişəlik olacaq. Bu möhtəşəm siyasi kurs naminə nə bacarıramsa, əlimdən gələni əsirgəməyəcəyəm. Çünki tutduğum bu yol — Azərbaycanın xilas yoludur və xalqımızın Ümummilli Lideri tərəfindən bu yolumuzda “yaşıl işıq” yandırılıb. Həm də, ölkəmizdəki hazırkı sabitliyin, əmin-amanlığın, inkişafın qarantı, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevdir. Bu siyasi kursa, bu sabitliyə dəstək olmamaq, qəti olaraq deyərdim ki, dövlətimizə, dövlətçiliyimizə qarşı açıq-aşkar xəyanət olar. Əgər bu möhtəşəm siyasətə qarşı kimlərsə çıxsa, qarşılarında, həm də bizi — YAP-ın rəhbəri olduğum Nəsimi Rayon Təşkilatının çoxsaylı üzvlərini görərlər. Çünki dövlətimizin daha da güclənməsi bizim əsas istəyimizdir. Bu yolda, həmişə, Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin yanındayıq və əlimizdən gələni can-başla həyata keçirəcəyik!
Ümumiyyətlə, tarixdə çox dahilər, ümummilli liderlər olub. Amma tam fərqli bu Dahi Şəxsiyyət məhv olmaqda olan Azərbaycanımızı xilas etməklə bərabər, hakimiyyətə gəldiyi ilk gündən elə bir siyasi kurs müəyyən etdi ki, müstəqilliyini yenicə qazanmış respublikamız, regionun lider ölkəsinə çevrildi. Həmin çətin dövrdə ölkənin əksər vacib problemlərinin belə həlli yolları tapıldı. Bunları Müdrik Rəhbərdən başqa kimsə edə bilməzdi. İndi bunu hamı deyir ki, müstəqil, qüdrətli Azərbaycan dövləti Heydər Əliyevin bizlərə mirasıdır. Buna görə də, hər bir soydaşımız, harada yaşamasından asılı olmayaraq, Ümumilli Liderin ruhu qarşısında daim baş əyir.
Müdrik Rəhbərin doğma Vətən və xalq qarşısında xidmətlərinin misilsiz olduğu da danılmazdır. Siyasi irsi və keçdiyi şərəfli yol da, onun Əbədiyaşar Lider adını qazandığını bir daha təsdiqləyir. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsinin reallığa çevrilməsi ilə bağlıdır. Məhz buna görə də, Azərbaycan xalqı xoşbəxtlər sırasında öndədir. Bir daha qeyd edirəm, xalqımız, həm də ona görə xoşbəxtdir ki, bu gün Heydar Əliyev siyasi kursunu onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları uğurla davam etdirir. Biz də, bu möhtəşəm kursa indiyədək sədaqətlə xidmət etmişik və bu sadiqlik sonadək davam edəcək.
Ulu Öndərin güclü siyasi iradəsi sayəsində, daha da möhkəmlənən taleyimiz öz əlimizdə olduğundan, göz önündəki inkarolunmaz möhtəşəm nailiyyətlərə çata bilmişik. Elə, dövlət müstəqilliyimizin üstünlükləri də bundan ibarətdir. Konkret desək, Azərbaycan xalqı öz taleyinin sahibidir və ölkəmiz öz tarixi ərzində heç vaxt bu qədər güclü, müstəqilliyi bu qədər möhkəm olmayıb. Çünki Ümummilli Liderin siyasi kursunun uğurlu və layiqli davamçısı İlham Əliyev də, hakimiyyət kürsüsündə oturandan indiyədək, qəti olaraq ona çalışıb ki, ölkəmiz daim inkişaf etsin — dövlət müstəqilliyimizi daha möhkəm, əbədi və dönməz edək!
Ümumiyyətlə, siyasi liderlərin bacarıq və istedadları ekstremal vəziyyətlərdə daha çox üzə çıxır. Bu vacib lider keyfiyyətləri və xüsusiyyətləri isə, həm Dahi Öndərin özünün, həm də onun layiqli davamçısı İlham Əliyev cənablarının ekstremal siyasi situasiyalar zamanı atdıqları qəti addımlar zamanı həmişə daha aydın görünüb. Elə, 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm, şərəfli və böyük Qələbənin kökündəki “Prezident! — Xalq! — Ordu!” Birliyinin daha sarsılmaz olmasında da, əsas mənəvi güc, Ulu Öndər ruhuyla bərabər, bu iki böyük insanın liderlik keyfiyyətlərindən və xüsusiyyətlərindən gəldi. Bu ruh bizi, hətta əcdadlarımızın minillər boyu yaratdığı bütün milli mənəvi dəyərlərə sahib çıxmağa da sövq edir. Budur Ulu Öndər dühasının, zəkasının, siyasətinin, təcrübəsinin daha bir bariz nümunəsi. Elə, bu nümunə ilə də, onun layiqli davamçısı dövlət müstəqilliyimizin bir daha əbədi olduğunu, öz alqışalayiq rəhbər fəaliyyəti ilə ortaya qoyur.
Tarix bir daha göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Elə, bu məktəblə — Ulu Öndər dühası, zəkası, siyasəti və təcrübəsi ilə də, dövlətimizin müstəqilliyi əbədiliyə yol götürdü. Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək Ulu Öndərin əsas mövqeyinə çevrildi. Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, müqayisəyəgəlməz örnək xidmətləri məhz bu liderlik keyfiyyətlərinə görə danılmazdır. Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək, özünün qeyd etdiyi kimi, ömrünü Azərbaycan xalqının gələcəyinə həsr etdi. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da, Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması da, Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Bu yerdə onu da qeyd etməyi vacib bilirəm ki, həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialının yüksəlməsinə, xalqının xoşbəxt və firavan yaşamasına yönəldən Ulu Öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapa bilirdi.
O çətin illərdə də, Ulu Öndər qətiyyəti, cəsarəti onun öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərdi. Beləcə, bir daha sübut etdi ki, onun üçün dövlət maraqları hər şeydən üstündür. Dövlətimizin daha da inkişaf etməsi, onun naşı əllərə düşməməsi üçün, xəstə yatan vaxtlarında belə xalqımızı, dövlətimizi düşündü. Onun, 2003-cü ilin prezident seçkiləri ərəfəsində, səhhəti ilə əlaqədar, namizədliyini İlham Əliyevin xeyrinə geri götürməsi də, Heydər Əliyevin dahiliyindən, həyatının son günlərində belə dövləti düşünməsindən xəbər verirdi. Çünki Heydər Əliyev siyasətini layiqli şəkildə, ancaq, onun layiqli varisi İlham Əliyev davam etdirə, dövlətimizi inkişafla regionun lider ölkəsinə çevirə bilərdi. Bu, elə, düşünülən kimi də oldu; Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa, bu, Ulu Öndərin layiqli davamçısının gərgin zəhmətinin bəhrəsidir.
Heydər Əliyevlə bağlı yadımızda çox şey qalıb. Çünki, o, elə bir insan idi ki, onun atdığı hər bir addımın xoşluğu, sözünün qüdrəti yaddaşlara əbədi həkk olunub. Onun çıxışları, keçirdiyi müşavirələr, bu zaman günah sahibi cızığından çıxan, qanun tələbələrinə məhəl qoymayan məmurları danlaması, onlardan hesabat tələb etməsi, fəaliyyətlərini tənqid etməsi, mətbuat işçiləri ilə təmasları, xalq içərisində olarkən səmimi hərəkətləri bir lent kimi hər gün gözünüzü önündə canlanır. Ümumiyyətlə, bir daha qeyd etmək istəyirəm ki, mən, Heydər Əliyevin fanatiyam deyə, indinin özündə də, elə bilirəm ki, o, daim başımız üstündədir, hər an biz onun qulluğunda durmalıyıq. Elə, buna görə də, həmişə hazır vəziyyətdəyəm!
Artıq, bu ilin mənim üçün ən əziz günü — Ulu Öndərin dünyaya gəldiyi gözəl gün gəlib çatır. Elə, buna görə də, bu yazımın başlıqlarını belə, Ulu Öndərə olan sonsuz sevgi və inamımın ifadəsi olan ürəkdən gələn xoş və dolğun kəlmələrlə qələmə almışam. Və yazımın sonuna, ölkənin media vasitələrində, sosial şəbəkələrdə bu mövzuda oxuduğum çoxsaylı yazıların nəticəsi kimi, öz fikirlərimi də, əlavə edərək, bunları xüsusi olaraq qeyd etmək istəyirəm: “Ölkəmizdə milli dövlətçiliyin ən görkəmli təbliğatçısı kimi hafizələrdə əbədiləşən Heydər Əliyev haqqında hələ əsrlər boyu danışılacaq. Çünki bu Dahi Şəxsiyyət Azərbaycanın tarixinə əbədi yazılmaqla bərabər, həm də özü tariximizin mühüm səhifələrini yazıb. Haqqında yüzlərlə kitab, məqalə yazılsa da, bunlar onun kimliyini, tam olaraq, açıb, ortaya qoya bilməz: Geniş qəlbə, olduqca mükəmməl xarakterə malik olduğu üçün! Bir də ki, bu keyfiyyətləri sözlə, fikirlə ifadə etmək də mümkün deyil.
Danılmaz həqiqətdir ki, Ulu Öndər qüdrətli Azərbaycanımıza vacib və mühüm çox şeyləri yadigar qoyub, getdi. Məhz buna görə də, bir daha deməyə borcluyam ki, elə, müstəqil və qüdrətli Azərbaycan Respublikasının özü belə, Ümummilli Liderin bizlərə mirasıdır. Üstəlik, o, tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandıraraq, qurucusu olduğu Müstəqil Azərbaycan Dövlətinin gələcək taleyini də, öz layiqli varisinə əmanət etdi. Məhz buna görə, Ulu Öndərimizlə hər birimiz daha çox fəxr edirik!
İndi Heydər Əliyev bu həyatda olmasa da, onun insanda həmişə böyük ruh yüksəkliyi yaradan nurlu sifətinə bu dünya səmtindən baxa bilməsək də, müqəddəslik zirvəsindəki böyük adının hərarəti kiçikdən-böyüyə hamımıza bəs edir. Bir də ki, xalq arasında çox gözəl deyim var: “Günəşə hansı tərəfdən baxılsa, Günəş, elə, Günəşdir, onun hərarəti hamıya bəs edir!”. Elə, Ümummilli Liderin böyük adıyla bizim üçün əbədiləşən müqəddəslik hərarəti də, belədir! İllər illəri, qərinələr qərinələri, əsrlər əsrləri əvəz edəcək, bu böyük adın müqəddəslik hərarəti də, dünya durduqca, belə olaraq qalacaq və bu Vətəndə doğulub, boya-başa çatan hər kəsə bəs edəcək.
Ulu Öndərin dahiliyini daha dərindən dərk etdiyim üçün, sidq ürəkdən yuxarıda xüsusi olaraq vurğuladıqlarımı, möhtərəm Prezidentin bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamda qeyd olunanlar da, özündə dərindən ehtiva edir. Əlbəttə, Azərbaycan Respublikasında əbədiyyətə qovuşan zamanın 2023-cü ilinin “Heydər Əliyev İli” elan olunması şərti səciyyə daşıyır — bu böyük şəxsiyyətin ideyaları və əməlləri hər hansı bir məhdudiyyət tanımadığı üçün! Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ulu Öndər zamanı respublikamızda əbədiyyətə qədər davam edəcək. Onun özü də buna inanır və həmişə deyirdi: “Mən Azərbaycanda əbədi olacağam!.
Doğrudan da, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, Umummilli Liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gün kimi tarixə düşsə də, onun fiziki yoxluğundan illər, qərinələr ötəcəyinə baxmayaraq, Azərbaycan xalqı öz Müdrik Xilaskarını heç zaman unutmayacaq, daim onu ehtiramla yad edərək, qəlbində əbədi yaşadacaq! Bu dahinin əbədiləşən ömür yolunu düşünəndə isə, xalqımız bir daha belə qənaətə gəlir ki, ömrünü dövlətinə və xalqına həsr edən, milləti üçün misilsiz xidmətlər göstərən belə Əvəzolunmaz və Müdrik Rəhbər, Dahi Şəxsiyyət heç zaman unudula da bilməz!.
Dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümkün olmadığı üçün, bu yazımın sonunda da, bir daha qeyd etmək istəyirəm ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti xalqımızın azadlığı və bütövlüyü, müqəddəs Vətən torpaqlarının toxunulmazlığı, yenicə yaranan milli dövlətçiliyimizin dirçəlişi uğrunda qətiyyətlə aparılan mübarizənin tamamilə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, dövlətimizin qurucusu və memarı olaraq, adını tarixin şanlı səhifələrinə yazdıran Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir! Elə, buna görə də, anadan olmasının 100 illiyi münasibəti ilə, Azərbaycan Respublikasında əbədiyyətə qovuşan zamanın 2023-cü ilinin “Heydər Əliyev İli” elan olunması, Ulu Tanrı dərgahında Ulu Öndərin halal haqqıdır! Xalqımızın bu haqqı da qazanan Ümummilli Lideri, Müdrik Rəhbəri olaraq, yaddaşlarımızda iz salıb, tariximizdə əbədiləşən Dahi Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!
Böyük Allahdan Dahi Öndərə bir daha rəhmət diləyirəm! Qəbri nurla dolsun, ruhu şad, məkanı cənnət olsun!.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

