Avropanın Ariane 5 raketinin sonuncu buraxılışı Fransa Qvianasındakı Kuru kosmodromundan həyata keçirilib.
TASS yazır ki, buraxılışın canlı yayımı “Arianespace” operator şirkətinin YouTube kanalında yayımlanıb.
Son buraxılış zamanı reaktiv daşıyıcı alman rabitə peyki Heinrich Hertz və Fransa hərbi peyki Syracuse 4B-ni orbitə çıxarmalı idi.
İlkin olaraq buraxılış iyunun 16-na planlaşdırılsa da, son anda texniki nasazlıq aşkar edilərək təxirə salınıb. Daha sonra buraxılış iyulun 5-nə keçən gecə planlaşdırılmışdı, lakin əlverişsiz hava şəraiti səbəbindən bir günə təxirə salındı.
Heinrich Hertz peyki Almaniya Kosmik Agentliyi üçün OHB Sistemi tərəfindən hazırlanıb. Syracuse 4B-nin buraxılması Fransa Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilib. Bu seriyanın ilk peyki (Syracuse 4A) 2021-ci ilin oktyabrında orbitə göndərilib.
Mənbə: TASS

