TASS xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Tayvanın vitse-prezidenti və adanın hakim Demokratik Tərəqqi Partiyasının sədri Lai Qinqdenin ABŞ-a səfər edəcəyini təsdiqləyib.
Blinkenin sözlərinə görə, ABŞ hakimiyyəti tayvanlı siyasətçinin Paraqvay prezidenti Santyaqo Penyanın inauqurasiyası üçün ABŞ ərazisindən tranzit keçəcəyini gözləyir.
Dövlət Departamentində jurnalistlərə açıqlama verən Blinken bildirib ki, Vaşinqton Tayvan boğazında sülh və sabitliyin qorunmasına sadiqdir. O, ABŞ-ın boğazda status-kvonu dəyişmək arzusunda olmadığını və digər tərəflərdən də eyni siyasəti gözlədiyini vurğulayıb. Dövlət katibi qeyd edib ki, Vaşinqton bütün “maraqlı tərəflər”dən fikir ayrılıqlarını müstəsna olaraq sülh yolu ilə həll etməyi gözləyir.
Mənbə: TASS

