Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə ABŞ arasında münasibətləri “zəhərləmək” istəyən qrupların olduğunu deyib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Nyu-Yorkda Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin (TASC) BMT Baş Assambleyasında iştirakı çərçivəsində təşkil etdiyi şam yeməyində bildirib.
“Siz (ABŞ-da yaşayan türklər) burada kimliyinizi qorumaqla amerikalıları mədəniyyətimizlə tanış etməklə insanlar arasında körpülər qurursunuz. Qələbəyə gedən yol birlik və həmrəylikdən keçir. Türkiyə-Amerika münasibətlərini zəhərləmək istəyən maraq qrupları var. Biz onlara sədd çəkəcəyik”, – deyə dövlət başçısı bildirib.
Bundan əvvəl Türkiyənin “Yeni Şafak” qəzetinin köşə yazarı Tamer Qorxmaz məqaləsində ABŞ-ın Türkiyəyə qarşı “gizli” və “elan edilməmiş” müharibə apardığını bildirmişdi.
Mənbə: A Haber

