Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrinin rəhbəri Nərmin Carçalova COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri təyin olunub.
İctimai.az-ın məlumatına görə, Nərmin Carçalova Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıb və 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramını bitirib. Daha sonra Harvard Kennedy Məktəbinin İctimai Liderlik üzrə ixtisasartırma proqramını, 2021-2022-ci illərdə isə dünyanın nüfuzlu universitetlərindən olan London Universitet Kollecinin (UCL) Dövlət İdarəetməsi üzrə magistr proqramını “Kənd təsərrüfatına dəstəyin timsalında meşələrin qırılmasına səbəb amillər” mövzusunda dissertasiya işi ilə bitirib.
2013-cü ildən Heydər Əliyev Mərkəzində beynəlxalq əlaqələr şöbəsində, Heydər Əliyev Fondunda ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələrin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə işləyib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbaycan pavilyonunun layihə meneceri olub.

