Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etməli və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etməlidir.

Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər.

Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır:

– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

– Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

– Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

– Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

– Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

– Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

– Müvafiq yerli icra hakimiyyəti orqanları.

Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.

Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər:

– Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

– İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

– Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;

Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;

– Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

– Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

– Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;

– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;

İctimai.az 

Oxşar xəbərlər