18/06/2026

“Qarabağ 360” layihəsinin təqdimatı Gəncə Şəhər Kəpəz Bələdiyyəsində keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Qarabağ 360” layihəsinin növbəti təqdimatı Gəncə Şəhər Kəpəz Bələdiyyəsində baş tutub.

Tədbirdə bələdiyyə sədri, bələdiyyə üzvləri, yerli icma nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Tədbir iştirakçılarına layihənin məqsədi, görülmüş işlər və əldə olunan nəticələr barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, “Qarabağ 360” layihəsi işğaldan azad olunmuş ərazilərin mövcud vəziyyətinin müasir VR (Virtual Reallıq) texnologiyası ilə sənədləşdirilməsi, 360 dərəcəlik video görüntülərin rəqəmsal arxiv şəklində toplanması və Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə daha aydın, vizual şəkildə çatdırılması məqsədi daşıyır.

Layihə çərçivəsində 8 şəhərdə 36 görüntü nöqtəsində tarixi abidələrin, dağıdılmış yaşayış məntəqələrinin, təbiət və mədəniyyət obyektlərinin 360° formatda çəkilişləri aparılıb. Toplanmış materiallar VR texnologiyası vasitəsilə interaktiv baxış üçün xüsusi emal olunub və təqdimata hazır vəziyyətə gətirilib.

Gəncə Şəhər Kəpəz Bələdiyyəsində keçirilən tədbir zamanı qonaqlar VR eynəkləri vasitəsilə Qarabağın müxtəlif bölgələrinə — Şuşa, Zəngilan, Füzuli, Cəbrayıl və digər ərazilərə virtual səyahət ediblər. İştirakçılar Qarabağın bugünkü real mənzərəsini yüksək dəqiqlikli 360° görüntülər vasitəsilə izləyərək müharibədən sonra bölgədəki vəziyyətlə əyani şəkildə tanış olublar.

Bələdiyyə rəhbərliyi layihəni yüksək qiymətləndirərək qeyd edib ki, “Qarabağ 360” təşəbbüsü yerli icmaların maarifləndirilməsi, Qarabağ həqiqətlərinin geniş auditoriyalara çatdırılması və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində digər şəhər və rayonlarda da virtual reallıq əsasında təqdimatlar davam etdiriləcək və layihənin sonunda millət vəkilləri, dövlət qurumları və diaspor nümayəndələri üçün genişmiqyaslı yekun təqdimat keçiriləcək.

Oxşar xəbərlər