09/06/2026

Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları keçib

“Büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə də 1.4 faizlik iqtisadi artımla, 5.6 faizlik orta illik inflyasiya səviyyəsi ilə, cari hesablar üzrə tədiyyə balansının 3.5 milyard dollarlıq müsbət saldosu ilə müşayiət olunub. Strateji valyuta ehtiyatlarımız 85.1 milyard dollara çatıb”.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov həmin komitənin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hesabatın təhlili göstərir ki, gəlirlər proqnoz rəqəmlərini üstələyir. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39.2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2.2 faiz çox icra edilib. Dövlət büdcəsinin xərcləri (41.4 milyard manat) proqnozun 93.2 faizi həcmində və ya 38.6 milyard manat icra edilib. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3.1 milyard manat məbləğində təsdiq olunsa da faktiki 580 milyon manat büdcə artıqlığı yaranıb”, – deyə komitə sədri vurğulayıb.

Oxşar xəbərlər