Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Qan Bankı və “Şirvan Gənclər Evi” SXM-in birgə əməkdaşlığı ilə 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş genişmiqyaslı ictimai maarifləndirmə tədbiri və qanvermə aksiyası keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Respublika Qan Bankının Şirvan bölməsinin müdiri Tahirə Hüseynova və İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli çıxış edərək qan donorluğunun əhəmiyyəti, sağlamlığa faydaları və cəmiyyət üçün rolu barədə ətraflı məlumat veriblər.
Tədbirin məqsədi cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini formalaşdırmaq, əhalinin bu sahədə maarifləndirilmə səviyyəsini artırmaq və insanları mütəmadi qan verməyə təşviq etmək olub.
Tədbir çəçivəsindən qan donorluğunun inkişafına verdiyi dəstəyə görə, Hacıqabul Quşçuluq Şirkəti Respublika Qan Bankı tərəfindən təltif edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən mütamadi olaraq qanvermə aksiyaları keçirilir.










