“Bakı-Şımkent-Bakı marşrutu Şımkentdən olan sərnişinlərə Bakı üzərindən AZAL-ın Avropa və digər beynəlxalq istiqamətlərinə geniş marşrut şəbəkəsinə çıxış imkanı verəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) Mərkəzi Asiya üzrə satış nümayəndəsi Xəyal Qədimzadə Şımkent şəhərində turizm operatorları və media nümayəndələri ilə görüşdə bildirib.
X.Qədimzadə deyib ki, Bakı-Şımkent reysi sərnişinlər üçün təkcə iki şəhər arasında birbaşa əlaqə yaratmır, həmçinin geniş imkan təqdim edir: “AZAL hazırda 70-dən çox istiqamət üzrə uçuşlar həyata keçirir və sərnişinlər Bakı üzərindən Avropa, Yaxın Şərq və digər regionlara rahat tranzit imkanlarından yararlana bilirlər. Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya sahəsində yüksək nüfuza malikdir və regionun əsas nəqliyyat qovşaqlarından biri hesab olunur”.
AZAL nümayəndəsi əlavə edib ki, Şımkent reysi “Embraer” tipli təyyarələrlə həyata keçirilir və bu marşrut Azərbaycanla Qazaxıstan arasında sərnişin daşımalarının, turizm əlaqələrinin və biznes əməkdaşlığının inkişafına töhfə verəcək: “Bakı-Şımkent istiqaməti üzrə uçuş cədvəli sərnişinlərin AZAL-ın Avropa şəhərlərinə həyata keçirdiyi reyslərlə rahat bağlantı qurmasına imkan verir. Bu baxımdan Berlin, Milan, Paris və Praqa kimi istiqamətlərə səyahət edən sərnişinlər üçün yeni marşrut əlavə üstünlüklər yaradır”.
Xatırladaq ki, iyunun 16-da AZAL Bakı-Şimkent-Bakı birbaşa reyslərinin həyata keçirməyə başlayıb.

