“Azərbaycan Uşaqları” İctmai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində iyun ayında Bakıda yaşayan və xüsusi qayğıya ehtiyacı olan, potensial erkən nikah, məişət zorakılığına məruz, təhsildən kənar qalan və hazırda reabilitasiya keçən yeniyetmə qızlar, həmçinin tipik ailələrdəki orta məktəbin yuxarı sinif şagirdləri və universitet tələbələri olan qızlar üçün Yay Məktəbi təşkil edildi.
Ümumilikdə Yay Məktəbinə dinləyici kimi hər qrupda 20 nəfər olmaqla 2 qrupda cəmi 40 nəfər yeniyetmə və gənc qız cəlb olundu. Orada iştirakçılar özünü tanıtma, liderlik, komanda işi və layihələrin hazırlanması üzrə nəzəri və praktiki biliklər əldə etdilər. Təlimlər interaktiv üsullarla -qrup işləri, rol oyunları, müzakirələr və təqdimatlar vasitəsilə həyata keçirildi. Yay Məktəbinin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları tətbiq edərək qruplar şəklində sosial yönümlü layihə ideyaları hazırladılar. Təqdimatlar zamanı iştirakçılar problemlərin düzgün müəyyənləşdirilməsi, məqsəd və nəticələrin əsaslandırılması, fəaliyyət planının qurulması və ideyaların effektiv təqdimatı üzrə bacarıqlarını nümayiş etdirdilər.
Yay Məktəbi ümumilikdə qızların şəxsi inkişafına, özünə inamının artırılmasına, sosial fəallığının gücləndirilməsinə və gələcəkdə müxtəlif təşəbbüslərdə daha aktiv iştirak etməsinə töhfə verməyi hədəfləyirdi.
Layihənin əsəs məqsədi inklüziv yanaşma əsasında həyata keçirilən fəaliyyətlərlə təhsildən yayınma, erkən nikah, məişət zorakılığı və sosial təcrid kimi ciddi risklərlə üzləşən qızların psixo-sosial rifahının yaxşılaşdırılmasına, onların özünəinam hissinin möhkəmləndirilməsinə, fərdi inkişaf imkanlarının genişləndirilməsinə, cəmiyyətə fəal inteqrasiyasına və gələcəkdə sosial-iqtisadi həyatda bərabər imkanlarla iştirakına şərait yaratması idi.







