“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı, “Azərlotereya” ASC-nin sponsorluğu və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Almaniyanın Berlin şəhərində tələbə şəhid övladları üçün keçirilən “Əmanətə Sədaqət” yay düşərgəsi yekunlaşıb.
İctimai Birlikdən verilən məlumata görə, bir həftə davam edən düşərgə çərçivəsində iştirakçılar Almaniyanın tarixi, mədəni və elmi həyatı ilə yaxından tanış olublar. Səfər zamanı iştirakçılar Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə görüşərək ölkədəki diplomatik fəaliyyət, ikitərəfli əməkdaşlıq gündəliyi və Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti barədə məlumatlar əldə ediblər.
Proqram müddətində tələbə şəhid övladları Berlin və Drezdenin gəzməli-görməli, o cümlədən tarixi məkanlarını ziyarət ediblər.
Düşərgə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən intellektual yarışla yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən yarışın ardından bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 23 şəhid övladı iştirak edib.










