17/07/2026

Aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub

17 iyul 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsn Seyidov, Dövlət Proqramının Neftçala rayonunda icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, “Prime-Cotton” MMC, “P-Agro” MMC, “Azərpambıq” MMC, “Sr-Dalğa” MMC, “Azerbaijan Fish Farm” MMC, “Xıllı Balıqartrırma” MMC və aqrar sahədə fəaliyyət göstərən digər müəssisələrin nümayəndələri, rayon üzrə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr, iri fermer təsərrüfatlarının rəhbərləri, sahibkarlar və aidiyyəti şəxslər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, Dövlət Proqramının icrası və beş il ərzində  rayonun sosial-iqtisadi inkişafı  ilə bağlı Neftçala rayonu üzrə  2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı” hazırlanmalı, rayonun aqrar sahədə mövcud vəziyyət geniş təhlil olunmalı, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə olunması məqsədilə əkinə yararlı bütün torpaq sahələri dəqiqləşdirilməli, istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaq sahələrində, o cümlədən iri fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, su resurslarından səmərəli istifadə mexanizmlərinin o cümlədən müasir suvarma və pivot sistemlərinin tətbiqi, buğda, pambıq, intensiv bağçılıq, akvakultura və balıqçılıq üzrə tətbiq olunan dövlət güzəştləri barədə sahibkarlar arasında maarifləndirilmə işinin aparılması əsas hədəflərdən biri kimi müəyyən olunmalıdır.
 
Eyni zamanda, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha geniş yararlanması istiqamətində dəstək göstərilməsi, statistik məlumatların dəqiqləşdirilməsi, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumlar arasında əlaqələndirmənin və koordinasiyanın daha da təkmilləşdirilməsinin vacibliyi vurğulandı.
 
Daha sonra çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, Dövlət Proqramının mahiyyəti, əsas məqsədləri və kənd təsərrüfatı istehsalatının hədəf göstəriciləri barədə ətraflı məlumat vermişdir.
 
Tədbirdə çıxış edən  Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin  direktor müavini Elsevər Əsədov, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Təbriz Eyyubov, Neftçala Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev Dövlət Proqramının aqrar sektorun inkişafına mühüm töhfə verəcəyini qeyd edərək, yüksək reproduksiyalı toxumçuluğun genişləndirilməsi, müasir əkinçilik texnologiyalarının tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, fermerlərlə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, fasiləsiz su təminatı ilə bağlı texniki avadanlıqların dayanıqlı elektrik enerjisi ilə təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsal və emal zəncirinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.
 
Tədbirdə “Caspian İrrigation” MMC-i tərəfindən təqdimat keçirilərək əkin sahələrinin suvarma sistemləri ilə təmin olunması, su ehtiyyatlarından səmərli istifadə edilməsi  ilə əlaqədar  müasir suvarma avadanlıqlarının əkin sahələrində tətbiqi barədə fermerlərə maarifləndirici məlumat verilmişdir.
 
İclasın sonunda rayon rəhbəri Mirhəsən Seyidov tərəfindən Əlaqələndirmə Qərargahının fəaliyyətinin səmərəli təşkili, İş planının vaxtında və hərtərəfli hazırlanması, aidiyyəti məlumatların operativ şəkildə toplanması və ümumiləşdirilməsi, habelə əlaqələndirmə işlərinin çevik və effektiv həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Oxşar xəbərlər