30/07/2026

Azərbaycanda tanınmış universitet bağlandı

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir.

10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.

Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə “uyğun deyil” olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib. Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.

Oxşar xəbərlər