08/08/2026

“Qeyri-maddi mədəni irsin təbliği” İctimai Birliyi Özbəkistanda beynəlxalq tədbirdə təmsil olunub

5–8 noyabr 2023-cü il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində “Özbəkistanın mədəni irsi – Yeni Renessansın təməli” adlı VII Beynəlxalq Konqres keçirilib. Dünyanın aparıcı şərqşünas alimlərinin iştirak etdiyi konqresin əsas məqsədi Özbəkistan ərazisində yaradılmış, hazırda isə dünyanın müxtəlif kitabxanalarında, muzeylərində və şəxsi kolleksiyalarında qorunan nadir mədəni irs nümunələri haqqında məlumatların toplanması, öyrənilməsi və elmi ictimaiyyətə təqdim edilməsi olub.

Tarixən Böyük İpək Yolunun mühüm qovşaqlarından biri olan Özbəkistan minilliklər boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı təsiri altında formalaşıb. Məhz bu zəngin irsin araşdırılması və qorunması məqsədilə aparıcı şərqşünas alimlərin təşəbbüsü ilə 2018-ci ildə Özbəkistanın Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti yaradılıb. Cəmiyyətin hər il təşkil etdiyi beynəlxalq konqreslərdə görülən işlər müzakirə olunur, əldə olunan nəticələr təqdim edilir və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Hazırda təşkilat dünyanın onlarla ölkəsindən yüzlərlə ekspert və tədqiqatçını bir araya gətirir.

Son illər ərzində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə “Özbəkistanın mədəni irsi” seriyasından artıq 60 cild kitab nəşr olunub. Bu nəşrlərdə dünyanın müxtəlif ölkələrinin muzey və kitabxanalarında, eləcə də şəxsi kolleksiyalarında qorunan nadir mədəni irs nümunələri haqqında geniş elmi məlumat təqdim edilir. 2023-cü il konqresi çərçivəsində həmin seriyadan daha 10 yeni kitab-albomun təqdimatı keçirilib.

Konqresdə 40-dan artıq ölkədən 300-ə yaxın şərqşünas alim, beynəlxalq və milli muzeylərin direktorları, akademiklər, professorlar və elmlər doktorları iştirak ediblər.

Tədbirin iştirakçıları sırasında UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Sara Noşadi, “Əl-Furqan” İslam İrsi Fondunun icraçı direktoru Sali Şahsivari, Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri Frederik Starr, Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Mahmud Erol Kılıç, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Cumatayev, Mueller & Schindler nəşriyyatının prezidenti Şarlotta Kramer və digər tanınmış alimlər yer alıblar.

Azərbaycanı konqresdə Çinin “Qeyri-maddi mədəni irsin təbliği” İctimai Birliyinin direktoru, fəlsəfə doktoru (PhD), dosent Afət Rüstəmbəyova təmsil edib və beynəlxalq tədbirin işində fəal iştirak edib.

Oxşar xəbərlər