Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC avqustun 15-dən etibarən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verəcəyini açıqlayıb. Layihə paytaxtın gələcək metro şəbəkəsinin inkişafı baxımından mühüm addım hesab edilsə də, yaxın 11 ay ərzində yüz minlərlə sərnişin üçün gündəlik gediş-gəlişdə ciddi dəyişikliklər yaradacaq.
İctimai.az xəbər verir ki, tikinti dövründə “Dərnəgül” istiqamətindən gələn qatarlar yalnız “Nizami” stansiyasına qədər hərəkət edəcək. “Nizami” və “28 May” stansiyaları arasında isə sərnişin daşınması əlavə avtobuslarla həyata keçiriləcək və bu avtobuslar ödənişli olacaq.
Vətəndaşın gündəlik xərci necə dəyişəcək?
Bunu ən anlaşılan formada nümunə ilə təqdim edək. Məsələn, hazırda “20 Yanvar” stansiyasından “Qara Qarayev” istiqamətinə gedən sərnişin metro ilə bir dəfəlik 60 qəpik ödəyir.
Yeni müvəqqəti hərəkət sxemində isə sərnişin:
- Metro ilə “Nizami” stansiyasına gələcək;
- Daha sonra ödənişli avtobusla “28 May” stansiyasına keçəcək;
- Ardınca yenidən metro ilə “Qara Qarayev” istiqamətində yoluna davam edəcək.
Bu halda bir səfərin ümumi xərci təxminən 1 manat 80 qəpiyə çata bilər. Gün ərzində iki dəfə (gediş və dönüş) bu marşrutdan istifadə edən şəxs isə əvvəlkindən təxminən 2 manat 40 qəpik artıq vəsait xərcləyə bilər.
11 ay davam edəcəyi bildirilən tikinti müddəti nəzərə alınarsa, bu artım xüsusilə hər gün metrodan istifadə edən tələbələr, dövlət və özəl sektor əməkdaşları, eləcə də aşağı gəlirli ailələr üçün ciddi maliyyə yükü yarada bilər.
Vaxt itkisi də qaçılmaz görünür
Məsələ yalnız əlavə ödənişlə məhdudlaşmır. Sərnişinlər metrodan düşərək avtobusa minməli, yol şəraitindən asılı olaraq şəhərin ən intensiv nəqliyyat axınının olduğu ərazilərdən keçməli, sonra yenidən metroya daxil olmalıdırlar.
Bu isə gediş vaxtının uzanmasına, avtobuslarda sıxlığın artmasına, pik saatlarda uzun növbələrin yaranmasına, işə və ya dərsə gecikmə riskinin yüksəlməsinə səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, metrodan avtobusa keçən sərnişin axını şəhərin mərkəzində avtomobil sıxlığını da artıra bilər. Nəticədə həm ictimai nəqliyyatın, həm də fərdi avtomobillərin hərəkətinə əlavə yük düşməsi ehtimal olunur.
Uzunmüddətli hədəf
“Bakı Metropoliteni” QSC bildirir ki, “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsi seçim deyil, Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurətdir. Layihənin tamamlanmasından sonra qatarların hərəkətinin daha çevik təşkili, intervalların azalması və sərnişindaşımanın səmərəliliyinin artacağı gözlənilir.
Lakin layihənin həyata keçirildiyi 11 aylıq müddətdə minlərlə vətəndaş üçün həm əlavə maliyyə yükü, həm də vaxt itkisi qaçılmaz görünür. Bu səbəbdən sərnişinlər dövlət tərəfindən güzəştlərin tətbiqi, əlavə avtobusların sayının artırılması və mümkün hallarda vahid ödəniş mexanizminin tətbiq olunmasını məqsədəuyğun hesab edirlər.

