11/08/2026

“Mediasiyada Emosional Dayanıqlıq: Barışın Arxasındakı İnsan – Stress və Etika” layihəsi uğurla yekunlaşdı

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi tərəfindən “Mediasiyada Emosional Dayanıqlıq: Barışın Arxasındakı İnsan – Stress və Etika” adlı layihə başa çatıb. Layihə Mediasiya Şurası ilə əməkdaşlıq çərçivəsində, Bakı, Lənkəran, Masallı, Qəbələ və Mingəçevir rayonlarında yerləşən mediasiya təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Layihənin əsas məqsədi mediatorlar, hüquqşünaslar və ictimai fəallar üçün emosional zəka, sosial bacarıqlar və stressin idarə olunması sahəsində bilik və bacarıqları gücləndirmək idi.

Təlimlər çərçivəsində iştirakçılar özünüdərk, emosional təkanvericilərin tanınması, empatiya, gərginliyin azaldılması və təzyiqsiz inandırma mövzularında nəzəri və praktiki məşğələlərdə iştirak etdilər. Həmçinin canlı meditasiya, rol oyunları və simulyasiya sessiyaları vasitəsilə real münaqişə situasiyalarında emosional dayanıqlığın tətbiqi öyrənildi.

Layihə boyunca 5 rayonda 50-dən çox iştirakçı bir araya gələrək emosional zəkanın hüquqi və mediasiya kontekstində tətbiqi barədə dəyərli təcrübə qazandı. Təlimlərdə vurğulandı ki, peşəkar bacarıqlardan öncə insanlıq və etik davranış münaqişələrin həllində əsas rol oynayır.

Layihənin yekununda iştirakçılara öz şəxsi inkişaf planlarını hazırlamaq, gələcək fəaliyyətlərində emosional dayanıqlığı gücləndirmək üçün konkret addımlar atmağı və bu mövzuta əlavə tövsiyyələr də verilmişdir.

Oxşar xəbərlər