Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir.
Bu inkişaf xəttinin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Hazırda muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını və dayanıqlı artımı hədəfləyən bu proqram çərçivəsində genişmiqyaslı layihələr uğurla icra olunur. 2024-cü ilin dekabrında Naxçıvan-Sədərək avtomagistralı üzərində 310 hektar sahədə Naxçıvan Sənaye Parkının yaradılması, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi və bölgənin “yaşıl enerji zonası” elan edilməsi muxtar respublikanın sənaye və enerji potensialını keyfiyyətcə daha yüksək pilləyə qaldırır.
Dövlətimizin başçısının muxtar respublikaya ardıcıl səfərləri də inkişaf dinamikasının əyani təzahürüdür. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2026-cı il avqustun 11-də Naxçıvana növbəti səfəri xüsusi siyasi və geostrateji əhəmiyyət kəsb edir. Avqustun 11-də Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Naxçıvanın Azərbaycan dövlətçiliyindəki rolunu yüksək qiymətləndirərək bildirib ki, xalqımız öz tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə fəxr edə bilər: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib”.
Naxçıvana 17-ci dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev müsahibəsində muxtar respublikada görülən işləri və gələcək hədəfləri diqqətə çatdırıb: “Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”.
Dövlətimizin başçısı müsahibəsində, eyni zamanda, Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin hər zaman prioritet olduğunu xatırladaraq muxtar respublikanın hərbi gücünün, ən müasir texnikalarla təchizatının və yeni komando qüvvələrinin yaradılmasının Silahlı Qüvvələrimizin ümumi qüdrətinin tərkib hissəsi olduğunu bəyan edib.
Son illərdə Naxçıvanla bağlı reallaşdırılan ardıcıl tədbirlər artıq öz makroiqtisadi və sosial nəticələrini verməkdədir. 2023-2026-cı illər ərzində Naxçıvanda 359 yeni istehsal və xidmət sahəsi yaradılıb, sahibkarlıq subyektlərinə milyonlarla manat güzəştli kreditlər ayrılıb. Bu addımlar ümumi daxili məhsulun real artımına, investisiyaların dəfələrlə çoxalmasına və muxtar respublika büdcəsinin gəlirlərinin yüksələrək mərkəzi büdcədən asılılığının kəskin azalmasına gətirib çıxarıb.
Bununla yanaşı, 2026-cı il martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər idarəetmə strukturunu müasirləşdirərək çevik və səmərəli idarəetmə modelinin hüquqi bazasını formalaşdırıb. Bununla yanaşı, Naxçıvanın iqtisadi cəlbediciliyini artırmaq üçün tətbiq edilən güzəştlər də xüsusi qeyd olunmalıdır. 2026-cı il yanvarın 1-dən etibarən muxtar respublika rezidentlərinin 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad edilməsi regiona yerli və xarici investisiyaların axınını stimullaşdırır. Dövlətimizin başçısının avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da strateji inkişaf kursunun davamlılığını bir daha təsdiqləyir. Sənədə əsasən, muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat, təhsil və mənzil-kommunal infrastrukturunun yenilənməsi məqsədilə dövlət və muxtar respublika büdcələrindən ümumilikdə 258 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçirilən layihələr Naxçıvanın müasir çöhrəsini daha da gözəlləşdirməklə yanaşı, əhalinin rifahının yüksəlməsinə birbaşa xidmət edəcək.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yaxın dönəmdə reallaşacaq Zəngəzur dəhlizi, habelə Qars-İğdır-Naxçıvan dəmir yolu xətti muxtar respublikanı illərlə davam edən kommunikasiya təcridindən tamamilə qurtaracaq. Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirməklə yanaşı, regionu Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağına çevirəcək.
Nəticə etibarı ilə Ümummilli Lider Heydər Əliyevin qoruduğu, Prezident İlham Əliyevin yeni tarixi mərhələyə yüksəltdiyi Naxçıvan bu gün özünün ən qüdrətli dönəmini yaşayır. Bir zamanlar blokada çətinlikləri ilə üz-üzə qalan bu strateji diyarımız indi irimiqyaslı infrastrukturu, güclü sənayesi, “yaşıl enerji” potensialı və müasir idarəetmə modeli ilə gələcəyə inamla addımlayır. Dövlətimizin başçısının uzaqgörən rəhbərliyi sayəsində Naxçıvan bundan sonra da yeni-yeni uğurlara imza ataraq Azərbaycanın sosial-iqtisadi və geostrateji qüdrətinin sarsılmaz qalası olaraq qalacaq.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

