13/08/2026

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

“Prezident İlham Əliyevin Naxçıvana səfərinin arxasında yalnız yeni yolların, elektrik stansiyalarının və infrastruktur layihələrinin açılışı dayanmır. Bu səfər daha böyük bir mənzərənin, Azərbaycanın gələcəyə hesablanmış geosiyasi və geoiqtisadi strategiyasının Naxçıvandakı təzahürüdür”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, bu gün Naxçıvana baxanda yalnız Azərbaycanın ayrılmaz hissəsini deyil, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsində mühüm mövqeyə yüksələn strateji bir məkanı görmək mümkündür:

“Çünki dünya dəyişir. Köhnə nəqliyyat marşrutları, enerji bazarları və iqtisadi əlaqələr yenidən qurulur. Belə bir dövrdə Azərbaycan prosesləri kənardan izləyən ölkə deyil, yeni reallıqların formalaşmasında iştirak edən və özünə uyğun imkanlar yaradan aktordur. Naxçıvan isə bu strategiyanın ən mühüm nöqtələrindən biridir. Naxçıvan sadəcə yolun üstündə olmayacaq, yolun özünə çevriləcək.

Zəngəzur dəhlizinin açılması Naxçıvanın tarixində yeni səhifə açacaq. Bu dəhliz Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən adi nəqliyyat xətti olmayacaq. O, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının bir-birinə bağlandığı böyük geoiqtisadi sistemin mühüm halqasına çevriləcək.

Türkiyədən Avropaya, Mərkəzi Asiyadan Azərbaycana, Rusiyadan İran və Fars körfəzinə, daha geniş perspektivdə isə Pakistan və Hindistan istiqamətinə uzanan yolların kəsişməsində Naxçıvanın mövqeyi getdikcə daha böyük əhəmiyyət qazanacaq.

Bu mənada Prezidentin Naxçıvan dəmir yolunun yükdaşıma imkanlarının perspektivdə 15 milyon tona çatdırılması barədə tapşırığı adi infrastruktur qərarı deyil. Bu, logistika mərkəzləri, anbarlar, yeni müəssisələr, xidmət sektoru, ticarət və minlərlə yeni iş yeri deməkdir. Ən əsası isə Naxçıvanın təxminən 200 milyonluq geniş regional bazara xidmət edə biləcək logistika habına çevrilməsi deməkdir”.

Deputat əlavə edib ki, Naxçıvanın gələcəyi yalnız yollar üzərində qurulmur:

“Bu coğrafiyanın Günəş enerjisi potensialı Azərbaycanın enerji strategiyasında yeni imkanlar açır. Artıq 300 meqavatlıq istilik elektrik stansiyasının təməli qoyulub, yeni Günəş elektrik stansiyalarının tikintisinə başlanılıb. Qarşıdakı dövrdə yüzlərlə meqavatlıq əlavə Günəş enerjisi istehsalının yaradılması nəzərdə tutulur. Bu, bir həqiqəti göstərir: Naxçıvan gələcəkdə yalnız elektrik enerjisi ilə təmin olunan ərazi deyil, enerji istehsal edən və enerji ixrac edən regional mərkəz ola bilər.

Naxçıvanın Türkiyə və İranla mövcud elektrik bağlantıları isə bu potensialın daha geniş bazarlara çıxarılması üçün imkan yaradır. Gələcəkdə bu enerji xəritəsinin Avropaya qədər uzanması da mümkündür. Beləliklə, yolların yanında enerji xətləri də Naxçıvanın yeni taleyini formalaşdırır. Bu baxımdan Zəngəzur dəhlizi yol deyil, yeni regional sistemin tərkib hissəidir. Bu dəhliz fiber-optik kabellərin, elektrik xətlərinin və gələcəkdə digər kommunikasiya sistemlərinin keçəcəyi çoxfunksiyalı bir platformaya çevriləcək. Deməli, söhbət yalnız Bakıdan Naxçıvana gedən yoldan getmir. Söhbət Azərbaycanı Türkiyə, Avropa, İran, Fars körfəzi və Asiya bazarları ilə daha sıx bağlayan yeni geoiqtisadi sistemdən gedir”.

Oxşar xəbərlər