Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib.
İctimai.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, KMBİ tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb.
Kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə müxtəlif adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Anar İslam oğlu Əliyev saxlanılaraq ölkəyə gətirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, A.Əliyev mütəşəkkil dəstə yaradaraq xarici ölkələrdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarından ibarət şəxsləri cəlb edib. O, həmin şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü evlərə yerləşdirərək onlayn kazino və qumar oyunları təşkilini həyata keçirib.
Əməliyyatlar çərçivəsində A.Əliyevin yaratdığı dəstənin digər üzvləri – Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslər onlayn kazino oyunlarının fəaliyyəti üçün dəstə başçısının tapşırıqlarına əsasən onu yerli mobil operatorlara məxsus nömrələr, bank kartları və digər texniki avadanlıqlarla təmin ediblər. Saxlanılan şəxslər həmçinin onlayn kazino oyunlarından əldə edilən pul vəsaitlərinin nağdlaşdıraraq kriptovalyuta şəklində A.Əliyevə məxsus hesablara köçürüblər. Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin bir hissəsinin isə daşınan və daşınmaz əmlakların alınması yolu ilə leqallaşdırılması istintaq zamanı sübuta yetirilib. Saxlanılan zaman dəstə üzvlərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə A.Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Göstərilən qanunazid əməllərin törədilməsində iştirak edən digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Sonda bir daha vətəndaşları qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Qeyd edək ki, qanunsuz kazino oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də hüquqi məsuliyyət yaradır”, – məlumatda bildirilib.

