25/08/2026

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib

Laçın rayonu Azərbaycanın həm coğrafi mövqeyi, həm də siyasi-strateji əhəmiyyəti ilə seçilən mühüm bölgələrindən biridir. 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər Laçın üçün də tarixi dönüş nöqtəsi oldu. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana təhvil verildi. Daha sonra 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Bununla da tarixi ədalət bərpa edilərək 30 ilə yaxın davam edən ədalətsizlik aradan qaldırıldı. Bu gün Laçın Azərbaycanın azad edilmiş torpaqları sırasında yenidən qurulur.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri onu abad və yaraşıqlı bir diyara çevirib. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından biridir. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Zabuxçay su anbarı istifadəyə verilib. Bununla, Zəngilan və Qubadlıda 12 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilir.

Prezident İlham Əliyevin son altı ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Dövlət başçısı İlham Əliyev 2023-cü il 28 May – Müstəqillik Günündə Laçın şəhərinə qayıdan laçınlılarla görüşüb onlara evlərin açarını təqdim edərkən bildirmişdir: “Siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək”.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

Ölkə Başçısı Prezident İlham Əliyevin Laçına göstərdiyi xüsusi diqqət və həyata keçirdiyi mühüm tədbirlər sayəsində Laçın bu gün bir çox dövlətlərin diqqət mərkəzindədir. Azərbaycanda Laçın şəhəri gününün qeyd olunması uzun illər davam edən ədalətsizliyin sona çatmasının simvoludur. Bu gün xalqımızın yaddaşında tarixi zəfərin, torpağa bağlılığın və azadlıq arzusunun gerçəkləşdiyi gün kimi əbədiləşmişdir.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Oxşar xəbərlər