15 sentyabr 2026-cı il tarixdə Neftçala rayonunun ümumtəhsil məktəblərində Bilik Günü münasibətilə tədbirlər təşkil olunub və şəhid Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbir iştirakçılarını 15 Sentyabr – Bilik Günü və yeni məktəb binasının açılışı münasibətilə səmimi qəlbdən təbrik edib. İcra başçısı qeyd edib ki, ölkəmizdə məktəb infrastrukturlarının yenilənməsi cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təhsilə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbəri Elton Həbibov adına 4 nömrəli məktəbin bu il də ali məktəblərə qəbul göstəricilərinə görə Neftçala üzrə ən yüksək nəticə göstərdiyini məmnunluqla vurğulayaraq bildirib ki, müasir fənn kabinetləri və laboratoriyalarla təmin olunmuş bu yeni bina şagirdlərimizin elmin dərinliklərinə yiyələnməsinə, Vətənə və dövlətə layiq övladlar kimi yetişməsinə böyük stimul verəcəkdir. Qeyd olunub ki, Yeni tədris ilində bu məktəb binasının istifadəyə verilməsi “Şəhərsalma və memarlıq ili”nə ən dəyərli və əməli töhfələrdən biridir. Müasir memarlıq layihələri əsasında inşa edilən bu təhsil ocağı öz funksionallığı və estetik görünüşü baxımından şəhərimizin simasına da xüsusi rəng qatır. Bu cür layihələr dövlətin həm təhsilə, həm də şəhərlərimizin müasir standartlara uyğun şəkildə yenidən qurulmasına verdiyi yüksək önəmin bariz nümunəsidir. Mirhəsən Seyidov çıxışının sonunda yeni tədris ocağının rayon ictimaiyyətinə xeyirli olmasını arzulayaraq müəllim və şagird kollektivinə yeni dərs ilində böyük uğurlar diləyib.
Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilə göstərilən dövlət qayğısından, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, yeni məktəb binasının müasir tədris imkanları ilə təmin olunduğunu vurğulayıb, müəllim və şagird kollektivini Bilik Günü və açılış münasibətilə təbrik edərək onlara yeni tədris ilində uğurlar arzulayıb. Həmçinin, O, qeyd edib ki, Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfəq Balaşova çıxış edərək yaradılan müasir təhsil mühitinə görə minnətdarlığını bildirib və məktəb kollektivinin bu etimadı yüksək nailiyyətlərlə doğruldacağını vurğulayıb. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova isə şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü ifadə edib, yeni tədris binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə öz xeyir-duasını verərək uğurlar arzulayıb.
Rəsmi hissədən sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. İlk zəngin çalınması ilə şagirdlər yeni sinif otaqlarına daxil olublar.
Tədbirin yekununda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və qonaqlar yeni məktəb binasında yaradılan müasir tədris şəraiti, fənn kabinetləri və laboratoriyalarla yaxından tanış olublar və “Şəhərsalma və memarlıq ili” çərçivəsində məktəbin ərazisində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, yeni istifadəyə verilən məktəbdə 68 müəllimin çalışması, 751 şagirdin təhsil alması, həmçinin 44 uşağın məktəbəhazırlıq qrupuna və 12 uşağın icma əsaslı qrupa cəlb olunması nəzərdə tutulub. Müasir təlim şəraiti ilə təmin olunan təhsil müəssisəsində fizika, kimya, biologiya, texnologiya və digər fənn kabinetləri, idman zalı, hərbi otaq və açıq idman meydançası ilə yanaşı, 432 yerlik böyük akt zalı da şagirdlərin ixtiyarına verilib. Bundan başqa məktəbdə yaradılan 4 rəqəmsal bacarıqlar otağı ümumilikdə 535 şagirdi əhatə edəcək.
Sonda müəllimlər və valideynlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





