Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri yalnız müxtəlif ölkələrin diplomatlarının bölgəyə tanışlıq səfəri kimi qiymətləndirilməməlidir. Bu səfər, eyni zamanda, regionun reallıqlarını yerində görmək, onun tarixi və mədəni irsi ilə tanış olmaq, aparılan quruculuq prosesini müşahidə etmək və gələcəyə dair düşünmək baxımından əhəmiyyətli hadisədir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin iştirakı diqqət çəkir. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə keçirilən görüşlər və ziyarətlər regionun yalnız bugünü deyil, gələcəyi haqqında da təsəvvür formalaşdırmağa imkan verib.
Diplomatiyanın ən mühüm xüsusiyyətlərindən biri reallığı yalnız sənədlərdən və hesabatlardan deyil, yerində görmək imkanının yaradılmasıdır. Çünki sülh yalnız siyasi sənədlərin imzalanması ilə tamamlanan proses deyil. Sülh insanların öz doğma torpaqlarında təhlükəsiz yaşaması, şəhərlərin və kəndlərin yenidən qurulması, mədəni irsin qorunması, təhsil və iqtisadi imkanların yaradılması ilə möhkəmlənir. Bu baxımdan Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. Diplomatların Kəlbəcərdə tarixi abidələrlə yanaşı, iqtisadi və sosial obyektlərlə tanış olması göstərir ki, bölgənin gələcəyi yalnız keçmişin xatırlanması üzərində deyil, yeni həyatın qurulması üzərində formalaşır.
Mən bir gənclər icmasının nümayəndəsi kimi düşünürəm ki, sülhün ən mühüm təminatlarından biri gələcək nəsillərin müharibənin deyil, əməkdaşlığın dilini öyrənməsidir. Bu baxımdan diplomatik səfərlərin əhəmiyyəti yalnız beynəlxalq nümayəndələrin gördükləri ilə məhdudlaşmır. Belə səfərlər müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma üçün yeni imkanlar yaradır. Bizim tariximizdə müxtəlif icmaların bir-biri ilə təmasda olduğu, mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi çoxsaylı nümunələr var. Ona görə də gələcəyə baxarkən yalnız ayrılıqları deyil, bizi birləşdirə biləcək dəyərləri də görmək vacibdir. Sülhün davamlı olması üçün ən böyük sərmayə insana, gənclərə və gələcəyə qoyulan sərmayədir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni məktəblər, universitetlər, yaşayış məhəllələri, yollar və iqtisadi obyektlər yalnız fiziki infrastruktur deyil. Bunlar həm də normal həyatın bərpasının göstəriciləridir. Eyni zamanda, bölgənin tarixi və mədəni irsinin qorunması da sülh mədəniyyətinin mühüm hissəsidir. Diplomatların Gəncəsər və Xudavəng monastırlarını ziyarət etməsi onların regionun mürəkkəb tarixi və mədəni irsi ilə birbaşa tanışlığı baxımından əhəmiyyətlidir. Zənnimcə, sülhün ən böyük məqsədi keçmişi unutmaq deyil. Əksinə, keçmişdən nəticə çıxararaq gələcək nəsillərə daha təhlükəsiz, daha ədalətli və daha firavan həyat yaratmaqdır.
Diplomatik korpusun Şərqi Zəngəzur və Qarabağa səfəri də bu baxımdan regionun və beynəlxalq ictimaiyyətin diqqətindədir. Sülh bir günün hadisəsi deyil. O, qarşılıqlı etimadın, dialoqun, əməkdaşlığın və gələcəyə inamın tədricən formalaşdığı uzun bir prosesdir. Bu prosesdə hər bir cəmiyyətin, xüsusilə də gənclərin üzərinə mühüm məsuliyyət düşür. Bizim borcumuz gələcək nəsillərə münaqişələrin deyil, əməkdaşlığın mirasını ötürməkdir.
Elvin Babayev,
Bakı Dövlət Universitetinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü

