18/09/2026

Neftçalada Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirildi

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Dövlət Suverenlik Günü münasibətilə “Dövlət suverenliyimiz xalqımızın milli sərvətidir” adlı tədbir keçirilib.

İctimai.az xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdən öncə Neftçala şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidələr önünə gül dəstələri qoyularaq onların əziz xatirələri ehtiramla yad edilib.

Rəsmi hissə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi və uzaqgörən sərkərdəlik məharəti sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.İcra başçısı xalqımızın onlarca il ərzində keçdiyi çətin və şərəfli mübarizə yoluna nəzər salaraq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini Azərbaycan dövləti öz hərbi-siyasi gücü ilə icra edib, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün bayram kimi təsis edilməsi ilə bu tarixi Zəfər əbədiləşdirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə postmüharibə dövründə azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misilsiz abadlıq-quruculuq işləri həyata keçirilir və “Böyük Qayıdış” proqramı uğurla reallaşdırılır. Qarabağın iqtisadi və mədəni dirçəlişinin bariz nümunəsi kimi Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması xüsusi vurğulanıb, gənclərimizin burada ən müasir standartlara cavab verən mühitdə rahat və keyfiyyətli təhsil almaları üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılıb. Çıxışda bildirilib ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət Azərbaycanı regionun lider dövlətinə, sülhün və təhlükəsizliyin əsas təminatçısına çevirib.

Sonda İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edərək, möhkəmlənən dövlətçiliyimizin və azad olunmuş torpaqlarımızdakı dahi quruculuq zəfərlərinin gələcək nəsillər üçün ən qiymətli irs olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri, ehtiyatda olan hərbçi Mustafa Əliyev, Vətən Müharibəsi şəhidi Səid Cəfərovun anası Könül Cəfərova, təhsil işçisi, şair-publisist, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elnur Uğur və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşı, kapitan Tural Əhmədov bildiriblər ki, Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşasa da, keçmişdə daxili qüvvələrin səriştəsizliyi, xəyanəti və siyasi naşılığı ucbatından torpaqlarımız həmişə parçalanıb, ölkəmiz heç vaxt indiki kimi bütöv və tam suveren ola bilməyib.

Natiqlər vurğulayıblar ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, uzaqgörən sərkərdəlik məharəti, canlarını fəda edən müqəddəs şəhidlərimizin və qəhrəman qazilərimizin misilsiz şücaəti sayəsində bu tarixi ədalətsizliyə son qoyulub, dövlətçilik tariximizdə ilk dəfə olaraq suverenliyimiz bütün ərazilərimizdə tam bərpa olunub. Qazanılan bu möhtəşəm Zəfər sayəsində sentyabrın 20-si təqvimimizə xalqımızın milli qürurunun və dövlət müstəqilliyinin təntənəsini təcəssüm etdirən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi həkk olunub.

Tədbir çərçivəsində Dövlət Suverenlik Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib, tədbirə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən X.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramla yekun vurulub.

Oxşar xəbərlər