Aznet internet xidmətindən istifadə edən abonent Cəbrayıl şəhərində bir neçə gündür həm internet, həm də televiziya xidmətindən yararlana bilmədiyini bildirir.
Abonentin sözlərinə görə, 15 sentyabr 2026-cı il tarixində xidmət haqqını ödəyib. Lakin cəmi iki gün sonra – 17 sentyabrdan etibarən internet bağlantısı kəsilib.
Məsələ bununla da bitməyib. Televiziya xidməti də internet xətti üzərindən təqdim edildiyindən abonent eyni zamanda TV xidmətindən də istifadə edə bilmir. Beləliklə, ödəniş edilməsinə baxmayaraq, abonent bir neçə gündür həm internetsiz, həm də televiziyasız qalıb.
İstifadəçi problemin aradan qaldırılması üçün Aznet-in müştəri xidmətinə dəfələrlə müraciət etdiyini bildirir. Onun sözlərinə görə, hər müraciət zamanı “sizinlə əlaqə saxlayacaqlar” cavabı verilib. Lakin artıq bir neçə gün keçməsinə baxmayaraq nə xidmət bərpa olunub, nə də abonentə problemin həlli ilə bağlı konkret məlumat verilib.
“15 sentyabrda ödəniş etmişəm. Cəmi iki gün sonra internet kəsilib. Üstəlik, TV də internetlə bağlı olduğu üçün televiziyaya da baxa bilmirik. Hər dəfə zəng edəndə deyirlər ki, sizinlə əlaqə saxlayacaqlar, amma heç bir məlumat verilmir.”
Abonent məsələ ilə bağlı İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) də müraciət etdiyini bildirir. O, istehlakçı hüquqlarının pozulduğunu əsas gətirərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də rəsmi müraciət etməyi planlaşdırır.
Abonent xidmətin göstərilmədiyi müddətin nəzərə alınmasını, ödənilmiş vəsaitin müvafiq hissəsinin hesablanmasını və problemin operativ şəkildə aradan qaldırılmasını tələb edir.
Məsələ ilə bağlı Aznet-in mövqeyini öyrənməyə hazırıq.

