2020-ci il sentyabrın 27-də Vətənin müdafiəsinə qalxan xalqımız öz birliyini, iradəsini və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti və rəşadəti, şəhidlərimizin qanı və canı bahasına qazanılan tarixi Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə şanlı səhifə kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini döyüş meydanında məğlubiyyətə uğratdı. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunun canlı qüvvəsinə və hərbi texnikasına ağır zərbə vuruldu, torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi.
Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı xarici dəstəkdən istifadə edərək torpaqlarımızı işğal edən Ermənistan Azərbaycan xalqına qarşı ağır cinayətlər törətdi. Otuz ilə yaxın davam edən işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xalqımıza məxsus tarixi, mədəni və dini irsin məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması məqsədyönlü siyasətə çevrildi. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti isə uzun illər ərzində real nəticə vermədi və mövcud status-kvonun dəyişməsinə gətirib çıxarmadı. Cəzasızlıq mühitindən istifadə edən Ermənistan sonrakı dövrdə də Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürür, müxtəlif hərbi təxribatlara əl atırdı.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət Azərbaycanı mərhələli şəkildə tarixi Zəfərə yaxınlaşdırdı. Ölkənin iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, müasir və güclü ordunun formalaşdırılması, eləcə də xalq-iqtidar birliyi qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaratdı. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini və torpaqlarımızı azad etmək əzmini bir daha nümayiş etdirdi. Lakin Ermənistan bu hadisələrdən də lazımi nəticə çıxarmadı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı uzun illər idi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi tarixi anı gözləyirdi. Prezident-Xalq-Ordu birliyinin yaratdığı “Dəmir yumruq” milli iradənin və gücün təcəssümünə çevrildi. Vətən uğrunda böyük fədakarlıq göstərən Azərbaycan əsgəri döyüş meydanında əsl qəhrəmanlıq salnaməsi yazdı. “Öldü var, döndü yoxdur” amalı ilə mübarizə aparan igid oğullarımız 44 gün ərzində xalqımızın otuz ilə yaxın davam edən yurd həsrətinə son qoyaraq tarixi ədaləti bərpa etdilər.
Anım Günü xalqımızın milli yaddaşının, qürurunun və sarsılmaz həmrəyliyinin rəmzidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq və fədakarlıq göstərərək canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad edilir. Onların Vətənə sədaqəti, mübarizə əzmi və qəhrəmanlığı gələcək nəsillər üçün böyük mənəvi irsdir. Gənc nəsillərin bu irsi yaşatması, qəhrəmanlarımızın həyat və mübarizə yolunu örnək götürməsi milli yaddaşın və vətənpərvərlik dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

