30/09/2026

53 ölkənin silahları Bakıda nümayiş olunur

“ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb.

İctimai.az xəbər verir ki, sərgilər Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir.

Üç gün davam edəcək sərgilərin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin nümayəndə heyətləri, eləcə də digər aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər.

Açılış mərasimində müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Qeyd edək ki, ADEX və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkə təmsil olunur. 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

Oxşar xəbərlər