30/09/2026

“Gənc mühasiblərin peşə bacarıqlarının artırılması” layihəsi çərçivəsində “F3 Mühasibatlıq Kursu” təlimlərinə başlanıldı 

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin həyata keçirdiyi “Gənc mühasiblərin peşə bacarıqlarının artırılması”layihəsi çərçivəsində gənc mühasiblərin peşə bacarıqlarının artırılması məqsədilə beynəlxalq standartlara uyğun ACCA F3 təlimlərinə start verilib və hazırda dərslər uğurla davam etdirilir.

Layihənin əsas məqsədi universitet məzunları və işsiz gənclər üçün karyera planlaması, müsahibə bacarıqları və iqtisadi biliklərin artırılması istiqamətində geniş imkanlar yaratmaq, onların məşğulluq səviyyəsini yüksəltmək və əmək bazarına inteqrasiyasını asanlaşdırmaqdan ibarətdir. Bakı şəhərində icra olunan təlim proqramına 18–35 yaş arası iqtisadi və maliyyə yönümlü ixtisaslarda təhsil alan, həmçinin peşəkar inkışafda maraqlı olan 25 nəfər gənc cəlb edilmişdir. Layihədə gender balansına xüsusi önəm verilərək iştirakçıların ən azı 50%-ini qadınlar təşkil edir.

İki ay davam edəcək “F3 Mühasibatlıq Kursu” çərçivəsində iştirakçılara beynəlxalq maliyyə uçotu standartlarına uyğun praktiki və nəzəri biliklər tədris olunur. Bu kurs gənclərin əmək bazarında rəqabətqabiliyyətliliyini artırmağa və peşəkar mühasib kimi formalaşmalarına birbaşa dəstək göstərir.

Layihə çərçivəsində yalnız mühasibatlıq təlimləri ilə kifayətlənilməyəcək. Yaxın dövrdə iştirakçılar üçün CV və motivasiya məktubunun hazırlanması, müsahibəyə hazırlıq, şəxsi brend və təqdimat bacarıqları, maliyyə savadlılığı və peşə seçimi mövzularında interaktiv karyera təlimləri də təşkil olunacaqdır.

Proqramın kulminasiya nöqtəsi olaraq 60 nəfərin iştirakı ilə “İqtisadi Bacarıqlar və Karyera Günü” adlı festivalın keçirilməsi planlaşdırılır. Festival çərçivəsində gənclər sahibkarlarla birbaşa ünsiyyət qurmaq, simulyasiya müsahibələrində iştirak etmək və real iş imkanları əldə etmək şansı qazanacaqlar.

Oxşar xəbərlər