Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ölkəmizin keçdiyi inkişaf yoluna, müasir geosiyasi proseslərdə tutduğu mövqeyə və qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji vəzifələrə ətraflı nəzər saldı. Dövlətimizin başçısı çıxışında ölkəmizin son onilliklərdə əldə etdiyi nailiyyətləri təhlil edərək sürətlə dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın milli maraqlarının qorunması və uzunmüddətli inkişafının təmin edilməsi istiqamətində görüləcək işlərdən bəhs etdi.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.
“Əvvəlcə qeyd etmək istərdim ki, YAP-ın VIII Qurultayının tarixi əhəmiyyətini şərtləndirən başlıca amillərdən biri onun Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə keçirilməsi idi. Əgər əvvəlki dövrlərdə əsas strateji məqsəd ərazi bütövlüyünün bərpası idisə, hazırkı mərhələdə əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, təhlükəsizliyin uzunmüddətli təminatı və Azərbaycanın regional və qlobal proseslərdə rolunun daha da artırılması xüsusi önəm daşıyır”, – deyə Şahin İsmayılov qeyd edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ciddi siyasi, iqtisadi və təhlükəsizlik çağırışları ilə üzləşdiyini bildirən Şahin İsmayılov deyib ki, belə ağır və mürəkkəb şəraitdə xalqımız nicat yolunu Ulu Öndəri siyasi hakimiyyətə dəvət etməkdə gördü. Ümummilli Liderimizin rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin sonrakı inkişafı üçün möhkəm təməl yaratdı.
“Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, zaman keçdikcə qarşıya qoyulan vəzifələr dəyişsə də, dövlət siyasətinin əsas prinsipləri — müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə — dəyişməz olaraq qalır. Məhz bu prinsiplərin ardıcıl həyata keçirilməsi ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunmasında mühüm rol oynayıb”, – deyə komitə sədri vurğulayıb.
Dövlətimizin başçısının çıxışında milli təhlükəsizlik məsələlərinə xüsusi yer ayırdığını söyləyən Şahin İsmayılov qeyd edib ki, bu gün beynəlxalq vəziyyətin reallıqları göz önündədir. Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, yeni qarşıdurma ocaqlarının yaranması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin effektivliyi ilə bağlı problemlər dövlətlərin öz müdafiə imkanlarını gücləndirməsini zəruri edir. Bu baxımdan Azərbaycanın hərbi potensialının artırılması müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə yanaşı, həm də ölkədə sabitliyin, iqtisadi inkişafın və uzunmüddətli sülhün təmin olunması baxımından önəmlidir.
“Əlbəttə, təhlükəsizlikdən bəhs edərkən onun ideoloji aspektlərini də xüsusi qeyd etməliyik.. Prezident İlham Əliyev çıxışında bu mövzuya xüsusi diqqət yetirdi. İnformasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin geniş tətbiqi və rəqəmsal informasiya mühitinin təsir imkanlarının artması yeni çağırışlar yaradır. Belə şəraitdə cəmiyyətin informasiya savadlılığının yüksəldilməsi, keyfiyyətli təhsilin inkişafı və gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi dövlətin dayanıqlılığını təmin edən mühüm amillərə çevrilir”, – deyə komitə sədri vurğulayıb.

