06/10/2026

CƏBRAYIL — ZƏFƏRİN BAŞLADIĞI ŞƏHƏR

Bəzi tarixlər var ki, təqvimdə sadəcə bir gün deyil, bir xalqın yaddaşına həkk olunan dönüş nöqtəsidir. 4 oktyabr da Azərbaycan üçün məhz belə tarixlərdəndir. Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümünü və Cəbrayıl Şəhəri Gününü qeyd edirik.

Cəbrayılın adı Azərbaycan tarixində həmişə xüsusi yer tutub. Bu şəhər və rayon uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın yaddaşında ev, küçə, məktəb, məscid, uşaqlıq və xatirə demək idi. 1993-cü ildə işğal nəticəsində Cəbrayılın sakinləri öz doğma torpaqlarından didərgin düşdülər, şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni irsə ağır zərbə vuruldu. Lakin Cəbrayılın adı heç vaxt Azərbaycan xalqının yaddaşından silinmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu həsrətin sonunu gətirən tarixi yolun başlanğıcı oldu. Müharibənin ilk günündə Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi Cəbrayıl istiqamətində böyük qələbənin ilk xəbərçisi idi. Ardınca digər yaşayış məntəqələri bir-birinin ardınca azad edildi. Nəhayət, 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayıl şəhərinə daxil oldu. Həmin gün şəhərlə yanaşı, rayonun daha 9 kəndi də işğaldan azad edildi.

Cəbrayılın azad edilməsi Vətən müharibəsinin gedişində xüsusi əhəmiyyət daşıyırdı. Çünki bu, müharibənin ilk həftəsində azad edilən ilk şəhər idi. Bu qələbə yalnız bir şəhərin azadlığı deyildi. Cəbrayılın azadlığı Azərbaycan Ordusunun gücünə, xalqın iradəsinə və torpaqlarımızın işğaldan azad olunacağına olan inamı daha da artırdı.

4 oktyabr 2020-ci ildə Azərbaycan xalqına müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin “Cəbrayıl bizimdir!” sözləri həmin günün ən yadda qalan ifadələrindən birinə çevrildi. Bu sözlər illərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların hisslərini ifadə edirdi. Cəbrayıl artıq yalnız xəritədə bir rayon və şəhər deyildi — o, qayıdışın, Zəfərin və milli iradənin simvollarından birinə çevrilmişdi.

Bu gün Cəbrayılın mənzərəsi 2020-ci ilin oktyabrındakı mənzərədən tamamilə fərqlidir. Bir vaxtlar dağıdılmış və viran qoyulmuş şəhərdə yeni həyat qurulur. Müasir infrastruktur yaradılır, yollar çəkilir, yaşayış kompleksləri, sosial obyektlər inşa edilir. İşğaldan azad edilmiş digər ərazilər kimi, Cəbrayıl da Böyük Qayıdışın mühüm ünvanlarından birinə çevrilir.

Məncə, Cəbrayılın bu gününü yalnız keçmişə baxaraq qeyd etmək doğru olmaz. Çünki Cəbrayıl artıq keçmişin yaralarını xatırladan şəhərdən gələcəyin qurulduğu şəhərə çevrilir. Burada hər yeni bina, hər salınan yol, hər qayıdan ailə 30 illik həsrətin bitdiyini göstərir.

Cəbrayıl həm də bizə bir həqiqəti xatırladır: torpaq yalnız üzərində qurulan binalarla və sərhədlərlə ölçülmür. Torpaq yaddaşdır, tarixdir, ata-baba mirasıdır, insanın özünü aid hiss etdiyi yerdir. Cəbrayılın azadlığı bu yaddaşın yenidən öz sahibinə qovuşmasıdır.

Bu gün Cəbrayıl Şəhəri Gününü qeyd edərkən, ilk növbədə bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla anmalıyıq. Onların qəhrəmanlığı sayəsində bu gün Cəbrayılın adı həsrətlə deyil, qürurla çəkilir.

Altı il əvvəl Cəbrayılın üzərində üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Bu gün həmin bayraq yalnız azad edilmiş şəhərin deyil, yenidən qurulan, dirçələn və gələcəyə inamla baxan Cəbrayılın rəmzidir.

Və bu şəhərin hər daşında bir tarix, hər küçəsində bir xatirə, hər yeni tikilisində isə Azərbaycanın Zəfər salnaməsinin növbəti səhifəsi yazılır.

4 oktyabr — Cəbrayıl Şəhəri Günüdür.
Cəbrayılın azadlığının 6-cı ildönümü mübarək!

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər