Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xanməmmədli və Ramazanlı kəndlərinin sakinləri ilə keçirib.
İctimai.az xəbər verir ki, səyyar qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
Səyyar qəbul zamanı Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Azərbaycanın memarlıq irsi dünya memarlığının zəngin və ayrılmaz tərkib hissəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın memarlıq mədəniyyəti təkcə daş və tikililərdən ibarət fiziki irs deyil, xalqımızın əsrlər boyu formalaşan tarixi təcrübəsinin, dünyagörüşünün, estetik zövqünün və dövlətçilik ənənəsinin maddiləşmiş ifadəsidir. Müxtəlif sivilizasiyalarla təmasda təkamül edən bu zəngin xəzinə milli kimliyimizin və mədəni özünüdərkimizin ayrılmaz tərkib hissəsinə çevrilməsi haqqında geniş məlumat veriblər.
Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan memarlıq və şəhərsalma siyasətinin konseptual təməli Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qoyulub. Bu dövrdə şəhərsalma ilk dəfə olaraq dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirildi. Tarixi şəhərlərin qorunması, abidələrin bərpası və yeni layihələrin milli ənənələrə uyğun həyata keçirilməsi məqsədilə strateji qərarlar qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin yanaşmasının əsas mahiyyəti şəhər mühitini gələcək nəsillərin maraqlarının daşıyıcısı kimi görməkdən ibarət idi. Məhz bu illərdə sahənin davamlılığını təmin edən institusional mexanizmlər yaradıldı və normativ-hüquqi baza möhkəmləndirildi. Bu strategiya sonrakı dövrlər üçün möhkəm ideoloji və idaretmə təməlini formalaşdırdı.
RİH-nin başçısı bildirib ki, müasir dövrdə bu zəngin memarlıq irsinin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqəti, qayğısı və müstəsna xidmətləri sayəsində mümkün olub. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən strateji şəhərsalma layihələri, azad edilən ərazilərimizdəki misilsiz quruculuq işləri, eləcə də Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə və onun hüdudlarından kənarda tarixi-dini abidələrin bərpa olunması milli mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Mehriban Əliyevanın humanist təşəbbüsləri və estetik baxışı sayəsində tarixi abidələrimiz öz ilkin simasına qaytarılaraq dünya mədəni irsinin inciləri kimi yenidən həyat qazanır.
RİH-in başçısı zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-nin başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənd ərazisində həkim çatışmazlığı, əkin suyunda yaranan çətinliklər, bankomat (ATM) quraşdırılması, şəkərli diabet xəstələrinin dərmanlarının yerli məntəqədə verilməsi, ev sənədləşməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.





