15/10/2026

“Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) icrası ilə həyata keçirilən “Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsi çərçivəsindəki fəaliyyətlər uğurla başa çatıb.

Layihənin əsas məqsədi Azərbaycanın qəhrəmanlıq tarixini müasir rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə gənc nəslə çatdırmaq, milli yaddaşın qorunmasına töhfə vermək və tarixi irsin innovativ vasitələrlə təbliğini genişləndirmək olub.

Layihə çərçivəsində Vətən Müharibəsi Qəhrəmanları, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, polkovnik Telman Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rəşad Qasımlı, eləcə də tankçı Azər Abdullazadə ilə görüşlər təşkil edilib.

Hər görüşdə 50-dən çox fəal gənc iştirak edib. Görüşlər iştirakçılara qəhrəmanların döyüş yolu, vətənə xidmət nümunələri və şəxsi təcrübələri barədə birbaşa məlumat almaq, onların həyat və fəaliyyətindən öyrənmək imkanı yaradıb. Tədbirlər zamanı Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə tərəfindən Vətən Müharibəsi Qəhrəmanlarına gənclər adından təşəkkür plaketləri təqdim olunub.

Layihənin diqqətçəkən istiqamətlərindən biri tarixi yaddaşın rəqəmsal formatda qorunması və müasir texnologiyalar vasitəsilə gələcək nəsillərə ötürülməsi olub. Bu məqsədlə süni intellekt texnologiyalarından istifadə edilərək Vətən uğrunda canlarından keçmiş beş şəhidin əziz xatirəsinə həsr olunan, onların həyat və döyüş yolunu əks etdirən videoçarxlar hazırlanıb. Bununla yanaşı, Vətən müharibəsinin qəhrəmanlıq ruhunu və Zəfər yolunu əks etdirən konseptual multimedia məhsulu ərsəyə gətirilib.

Layihənin mühüm nəticələrindən biri də Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş Virtual Muzey platformasının yaradılmasıdır. Platforma istifadəçilərə milli qəhrəmanların həyat və fəaliyyətini rəqəmsal mühitdə interaktiv şəkildə öyrənmək imkanı verir. Eyni zamanda, bu təşəbbüs Azərbaycanın qəhrəmanlıq irsinin ölkə daxilində və beynəlxalq səviyyədə daha geniş tanıdılmasına xidmət edir.

“Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsi milli-mənəvi dəyərlərin müasir texnologiyalar vasitəsilə təbliği, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və tarixi yaddaşın rəqəmsal platformalarda qorunması istiqamətində mühüm təşəbbüs kimi diqqət çəkir. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər Azərbaycanın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına və milli irsin müasir təqdimat imkanlarının genişləndirilməsinə töhfə verib.

Oxşar xəbərlər