Fevralın 27-də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Gənc Səfirləri – II” layihəsinin iştirakçıları ilə növbəti görüş baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, sabiq təhsil naziri və Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov iştirak ediblər.
Görüşün əvvəlində Qərbi Azərbaycan İcmasının aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov layihənin hədəfləri və fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, gənclərin beynəlxalq platformalarda layiqli və peşəkar təmsilçiliyinin təmin edilməsinin, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin ardıcıl və sistemli şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasının layihənin başlıca prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.
İndira Hacıyeva öz çıxışında gənclərin fəallığının artırılması, intellektual potensiallarının inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərə bağlılığının qorunmasının əhəmiyyətindən bəhs edib. O, layihənin ilk mərhələsinin uğurla başa çatdığını xatırladaraq, ikinci mərhələnin daha geniş nəticələr əldə edəcəyinə ümidvar olduğunu bildirib. Nazir müavini, həmçinin beynəlxalq fəaliyyət zamanı effektiv kommunikasiya, fəal iştirak və strateji düşüncə bacarıqlarının mühüm rol oynadığını vurğulayaraq, gənclərə tövsiyələrini verib.
Misir Mərdanov isə Qərbi Azərbaycan həqiqətlərinin elmi yanaşma əsasında araşdırılmasının və düzgün təqdim edilməsinin vacibliyinə toxunub. O bildirib ki, bu istiqamətdə gənclərin fəal mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çıxışında dövlət siyasətinin ardıcıllığının qorunmasında gənc nəslin roluna da diqqət çəkən Misir Mərdanov gənclərin həyata keçirilən dövlət siyasətinin mahiyyətini dərindən anlamasının və onun reallaşdırılmasına dəstək verməsinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, fikir və təcrübə mübadiləsi aparılıb. Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qərbi Azərbaycanın Gənc Səfirləri – II” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bakı Dövlət Universiteti və BDU Könüllüləri Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilir.

