Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) təşkilatçılığı ilə həyata keçirilən “Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsi çərçivəsində gənclərlə görüşlər davam etdirilir.
Layihənin növbəti görüşü Vətən Müharibəsi Qəhrəmanı, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, polkovnik Telman Hüseynovla keçirilib.
Görüş zamanı polkovnik Telman Hüseynov gənclərlə öz döyüş yolu, Vətən müharibəsi dövründə yaşadığı təcrübələr və yaddaşında iz qoyan hadisələr barədə söhbət edib. O, həmçinin gənclərlə dəyərli tövsiyələrini bölüşərək vətənpərvərlik ruhunun qorunmasının, qəhrəmanlıq nümunələrinin öyrənilməsinin və milli yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi ünsiyyət şəraitində baş tutan görüş gənclərin Azərbaycanın qəhrəmanlıq tarixi ilə daha yaxından tanış olması, Vətən uğrunda göstərilən şücaət nümunələrini birbaşa qəhrəmanın öz dilindən dinləməsi baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, “Zamanı Aşan Qəhrəmanlıq: Gənclər üçün Rəqəmsal İrs” layihəsinin əsas məqsədi Azərbaycanın qəhrəmanlıq salnaməsini müasir rəqəmsal texnologiyalar vasitəsilə gənc nəslə çatdırmaq, milli yaddaşın qorunmasını və tarixi irsin innovativ üsullarla təbliğini təmin etməkdir. Layihə çərçivəsində keçirilən görüşlər gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsinə və qəhrəmanlarımızın həyat yolunun daha geniş tanıdılmasına xidmət edir.


