15/10/2026

BDU-da Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilib

19 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) Süni intellekt etikası üzrə I Gənclər Forumu keçirilib.

Forum BDU, Gənclər və İdman Nazirliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “BDU könüllüləri” təşkilatı, Süni İntellekt Azərbaycan Platforması və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Forumun açılışında çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev süni intellektin təhsil, elm, səhiyyə, iqtisadiyyat və digər sahələrdə tətbiqinin genişləndiyini, bununla yanaşı, insan hüquqları və vətəndaş azadlıqları ilə bağlı etik məsələlərin də aktuallaşdığını bildirib. O, BDU-da Süni intellekt etikası kafedrasının yaradıldığını və magistratura səviyyəsində təhsil alan bütün tələbələrə bu fənnin tədris olunduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev süni intellektdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayaraq, onun etibarlı mənbə deyil, köməkçi alət kimi tətbiqinin əhəmiyyətini qeyd edib. O, xüsusilə sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılan audiovizual məzmunların doğurduğu məsələlərin etik baxımdan araşdırılmasının vacibliyinə toxunub.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov isə süni intellektin əmək bazarına təsiri, yeni peşələrin formalaşması və rəqabətqabiliyyətli bacarıqların əhəmiyyəti barədə danışıb. O, Azərbaycanın Süni İntellekt Strategiyasının qəbul edildiyini, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaşların biliklərinin artırılması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib. Həmçinin BDU-nun 1600-dən çox tələbəsinin və 120-dən artıq müəlliminin süni intellekt və data elmi üzrə Milli Proqramdan yararlanaraq sertifikat əldə etdiyini qeyd edib.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə, Süni İntellekt Azərbaycan Platformasının İdarə Heyətinin sədri Nərmin Həbibzadə və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının baş katibi Nazrin Süleymanova da çıxışlarında süni intellekt etikası mövzusunda ölkədə ilk dəfə keçirilən forumun əhəmiyyətini vurğulayıblar.

Forum “Süni intellektin gələcək nəsillərə təsir imkanları, problemlər və fürsətlər” və “Süni intellekt etikası və gənclərin rifahı: süni intellekt dövründə təhsil, karyera və qlobal standartlar” mövzularında panel sessiyalarla davam edib. Müzakirələr zamanı texnologiyanın gələcək inkişaf perspektivləri, etik prinsiplərin qorunması və gənclərin süni intellekt dövrünün çağırışlarına hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər